Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur.
"Bakupost" xəbər verir ki. sosioloq Hüseyn İbrahimov “Yeni Sabah”a açıqlamasında toy xərclərinin artıq yalnız məclisə yazılan pullarla məhdudlaşmadığını, xüsusilə qadınların toy mərasiminə hazırlığnın da ailələr üçün əlavə maliyyə yükü yaratdığını bildirib.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində toy mərasimlərində iştirak etmək bəzən mənəvi zövqdən daha çox sosial öhdəliyə çevrilir:
“Çox zaman insanlar ürəkdən toya getməkdən mənəvi zövq almırlar. Toyda iştirak məsələsi müəyyən mənada insanları bir-birinə borclu vəziyyətə salır. İnsanlar toya getdikdə yazılan pulu sonradan qaytarmaq məcburiyyətində qalırlar”.
Sosioloq qeyd edib ki, maddi imkanın məhdud olması bəzi insanların gündəlik və hətta vacib işlərini təxirə salaraq toylarda iştirak etməsinə səbəb olur. O, toy mərasimlərinin şəhərlərdə əlavə nəqliyyat sıxlığı yaratdığını və bunun insanların psixoloji gərginliyini artırdığını da vurğulayıb.
H.İbrahimov hesab edir ki, toyların yaratdığı sosial və maliyyə yükünü azaltmaq üçün mərasimlərin keçirilməsi ilə bağlı müəyyən qaydaların tətbiqi müzakirə oluna bilər.
“Toylar iki saatdan artıq davam etməməlidir. Musiqinin səsi aşağı olmalıdır. Körpə uşaqların iştirakına məhdudiyyət qoyulmalıdır. Həmçinin toyda iştirak edənlərin sayı maksimum 100 nəfərlə məhdudlaşdırıla bilər. Ailə üzvləri – qadın və kişi birlikdə nəzərə alınmaqla, ümumi iştirakçı sayı 100 nəfərdən çox olmamalıdır”, – deyə sosioloq bildirib.
Onun fikrincə, bu cür məhdudiyyətlər tətbiq olunarsa, insanların toy mərasimlərində iştirak etmə tezliyi və buna sərf olunan xərclər əhəmiyyətli dərəcədə azala bilər.
Sosioloq düşünür ki, nəticədə toyların kəmiyyətindən daha çox keyfiyyətinə diqqət yetirilər və mərasimlər insanlarda gərginlik deyil, daha xoş ab-hava yaradar.