Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin qovuşduğu məkan kimi formalaşıb. Əsrlər boyu bu coğrafiyada yaşayan müxtəlif etnik və dini qruplar qarşılıqlı hörmət, tolerantlıq və birgəyaşayış ənənələri əsasında vahid ictimai mühit yaradıblar. Bu baxımdan Azərbaycan cəmiyyətində formalaşan multikultural dəyərlər təsadüfi deyil, xalqın tarixi yaddaşından, milli-mənəvi xüsusiyyətlərindən və dövlətçilik ənənələrindən qaynaqlanır. Məhz buna görə də müasir dövrdə Azərbaycanın multikulturalizm modeli həm region, həm də dünya miqyasında diqqətlə öyrənilən nümunələrdən biri hesab olunur.
Müstəqilliyin ilk illərində ölkədə baş verən mürəkkəb ictimai-siyasi proseslər səbəbindən milli və dini qrupların problemləri ilə sistemli şəkildə məşğul olmaq mümkün deyildi. Lakin 1993-cü ildən sonra Azərbaycanda siyasi sabitliyin bərpası ilə yanaşı, milli siyasət sahəsində də mühüm dönüş baş verdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli və dini azlıqlarla münasibətdə dövlət siyasəti formalaşdı və bu istiqamətdə ardıcıl addımlar atıldı.
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda yaşayan bütün xalqların dilinin, mədəniyyətinin, adət-ənənələrinin qorunması və inkişaf etdirilməsi üçün hüquqi baza yaradıldı. Dövlət tərəfindən milli mədəni mərkəzlərin fəaliyyətinə şərait yaradıldı, milli dillərdə mətbuat orqanlarının nəşrinə maliyyə dəstəyi göstərildi. 1993-cü ildə milli və dini qrupların dil və mədəniyyətlərinin inkişafına Prezident Fondundan vəsait ayrılması dövlətin bu məsələyə münasibətinin konkret ifadəsi idi.
1990-cı illərin əvvəllərində ölkədə separatizm meyillərinin güclənməsi və xarici qüvvələrin təsiri ilə milli zəmində qarşıdurma yaratmaq cəhdləri müşahidə olunurdu. Lakin Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu təhlükələrin qarşısı alındı, ölkədə etnik separatizmə imkan verilmədi. Azərbaycançılıq ideologiyası cəmiyyətdə milli həmrəyliyin və sabitliyin təmin olunmasında həlledici rol oynadı.
Azərbaycanda həyata keçirilən milli siyasətin əsas xüsusiyyətlərindən biri azərbaycançılıq ideologiyasının formalaşdırılması oldu. Azərbaycançılıq milli və dini mənsubiyyətindən asılı olmayaraq ölkədə yaşayan bütün insanların vahid dövlətçilik ideyası ətrafında birləşməsini nəzərdə tuturdu.
Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları milli və dini azlıqların hüquqlarının qorunmasına tam təminat verir. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasında hər kəsin hüquq və azadlıqlarının mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq qorunduğu təsbit edilmişdir. Konstitusiyanın 44-cü maddəsində hər kəsin milli mənsubiyyətini qorumaq, 45-ci maddə isə “Ana dili”ndən istifadə hüquqlarını təmin edir.
Azərbaycanda müxtəlif dillərdə təhsil müəssisələri fəaliyyət göstərir, azsaylı xalqların dillərinin tədrisi üçün dərsliklər və metodik vəsaitlər hazırlanır. Milli azlıqların nümayəndələri öz ana dillərində sərbəst danışır, mədəni tədbirlər keçirir, qəzet və jurnallar nəşr edir, internet resursları yaradır, sosial platformalarda səhifələr açırlar.
AR Cinayət Məcəlləsinin müvafiq maddələri soyqırımı, irqi və dini ayrı-seçkilik, insan hüquqlarının pozulması kimi halları ağır cinayət əməli hesab edir. Bu isə dövlətin tolerantlıq və bərabərlik prinsiplərinə verdiyi önəmin göstəricisidir.
Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində də multikulturalizm və insan hüquqları sahəsində mühüm addımlar atıb. Ölkəmiz “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasına qoşulub, Avropa Şurası və BMT-nin müvafiq sənədlərini qəbul edib. 2002-ci ildə Azərbaycan milli azlıqların hüquqlarının qorunması ilə bağlı ilk Milli Hesabatını (Azərbaycan XİN tərəfindən hazırlanıb) təqdim edib və beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymət alıb.
Azərbaycanın multikulturalizm modelinin əsas üstünlüklərindən biri müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsidir. Milli azlıqların nümayəndələri dövlət orqanlarında, parlamentdə, yerli özünüidarəetmə strukturlarında təmsil olunur, yüksək fəxri adlara və dövlət mükafatlarına layiq görülürlər. Bu, cəmiyyətdə bərabərlik və qarşılıqlı etimad mühitinin formalaşmasına xidmət edir.
Azərbaycanda yaşayan xalqlar əsrlər boyu öz etnik xüsusiyyətlərini, dini inanclarını və adət-ənənələrini qoruyub saxlayır. Bu gün ölkədə ləzgilər, talışlar, avarlar, saxurlar, udinlər, dağ yəhudiləri, ruslar, ukraynalılar və digər xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycan dövləti onların milli-mədəni irsinin qorunmasına daim diqqət göstərir.
Müasir dövrdə Azərbaycan multikulturalizmi yalnız daxili siyasətin tərkib hissəsi deyil, həm də beynəlxalq münasibətlərdə ölkənin mühüm üstünlüyünə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm siyasəti daha da inkişaf etdirilir, Azərbaycan dünya miqyasında mədəniyyətlərarası dialoq mərkəzlərindən biri kimi tanınır. “Bakı prosesi”, mədəniyyətlərarası, dinlərarası və beynəlxalq humanitar forumlar Azərbaycanın statusunu daha da möhkəmləndirir. UNESCO, BMT Sivilizasiyalar Alyansı, İSESCO və digər nüfuzlu beynəlxalq təşkilatların tərəfdaşlığı ilə keçirilən tədbirlərdə Azərbaycanın tolerantlıq modeli yüksək qiymətləndirilib.
Heydər Əliyev Fondu da multikulturalizm ideyalarının təbliğində mühüm rol oynayır. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, sərgilər və konfranslar Azərbaycan multikulturalizm modelinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edir. Parisdə, Londonda, Romada və digər şəhərlərdə təşkil olunan tədbirlər Azərbaycanın tolerantlıq ənənələrinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət daşıyır.
Bu gün Azərbaycanın multikulturalizm modeli müasir dünyada baş verən dini və etnik qarşıdurmalar fonunda xüsusi aktuallıq kəsb edir. Bir çox ölkələrdə ksenofobiya, irqçilik və dini dözümsüzlük halları artdığı halda, Azərbaycanda müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmət və əməkdaşlıq mühiti hökm sürür. Bu isə Azərbaycanın tarixən formalaşmış tolerantlıq ənənələrinin və dövlət siyasətinin uğurlu nəticəsidir.
Azərbaycanın coğrafi mövqeyi də multikultural dəyərlərin formalaşmasında mühüm rol oynayıb. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz tarix boyu müxtəlif mədəniyyətlərin təsiri altında inkişaf edib, Şərq və Qərb sivilizasiyalarını birləşdirən körpü rolunu yerinə yetirib. Bu xüsusiyyət Azərbaycan xalqının dünyagörüşündə dözümlülük kimi keyfiyyətlərin formalaşmasına səbəb olub.
Bu gün Azərbaycan sübut edir ki, milli və dini müxtəliflik dövlətin zəifliyi deyil, əksinə, onun zənginliyi və üstünlüyüdür. Azərbaycanda formalaşmış multikulturalizm modeli qarşılıqlı hörmət, bərabərlik və vətəndaş həmrəyliyi prinsiplərinə əsaslanır. Bu model həm region, həm də dünya üçün nümunə ola biləcək uğurlu birgəyaşayış təcrübəsidir.
Azərbaycanın multikulturalizm modeli tarixən formalaşmış tolerantlıq ənənələrinin müasir dövlət siyasətinin vəhdətindən yaranıb. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli siyasət kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycanda milli birlik, ictimai sabitlik və vətəndaş həmrəyliyi möhkəmlənib, ölkəmiz beynəlxalq aləmdə tolerantlıq və multikulturalizm məkanı kimi tanınıb. Bu modelin əsas üstünlüyü milli-mədəni müxtəlifliyin qorunması və vahid dövlətçilik ideyası ətrafında birləşən cəmiyyətin formalaşdırılmasıdır. Məhz bu xüsusiyyətlər Azərbaycanın multikulturalizm modelini müasir dünyanın ən uğurlu nümunələrindən birinə çevirir.
Bu yazı “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.