Gəmidə işləyən bir qrup Azərbaycan vətəndaşı 4 aydan çoxdur Rusiyanın Rostov şəhərində köməksiz vəziyyətdə qalıb.
"Bakupost" xəbər verir ki, bunu gəmi heyətinin üzvü bildirib. 7 aydan artıqdır əmək haqlarını ala bilmədiklərini bildirən Azərbaycan vətəndaşı aidiyyəti dövlət qurumlarına müraciət edib.
O bildirib ki, hazırda ciddi təhlükə ilə üz-üzədirlər. Onun sözlərinə görə, qaldıqları ərazidə tez-tez dronlar uçur, atəş və güllə təhlükəsi yaşanır.
“Azərbaycan vətəndaşlarıyıq. Artıq 4 aydan çoxdur ki, Rostovda qalmışıq. Və 7 aydan artıq olan əmək haqlarımızı ala bilmirik. Hər gün başımızın üstündən dronlar uçur, atəş və güllə təhlükəsi altında yaşayırıq. Bizim həyatımız real təhlükə altındadır”, – deyə müraciətdə qeyd olunub.
Dənizçilər onları işə götürən və İstanbulda yerləşən “Adya” şirkətinin əmək haqlarının nə vaxt ödəniləcəyi və evə nə vaxt qaytarılacaqları barədə konkret məlumat vermədiyini bildiriblər.
Onlar ailələrinin Azərbaycanda onları gözlədiyini qeyd ediblər:
“Bizim evdə gözləyən uşaqlarımız, həyat yoldaşlarımız və valideynlərimiz var. Biz artıq sadəcə maaşımızı istəmirik. Biz həyatımızın təhlükəsizliyini istəyirik”.
O bununla bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Baş Prokurorluğa, Azərbaycanın Rusiyadakı səfirliyinə və Rusiyadakı Azərbaycan konsulluqlarına müraciət etdiklərini bildiriblər.
O həmçinin Türkiyə Respublikasının Xarici İşlər Nazirliyindən, Türkiyənin Rusiyadakı diplomatik nümayəndəliklərindən, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsindən və digər aidiyyəti dövlət qurumlarından kömək istəyiblər.
Müraciətdə əsas tələblər də açıqlanıb. O işçilərin təhlükəsizliklərinin təmin olunmasını, 7 aydan çox olan əmək haqqı borclarının araşdırılaraq ödənilməsi üçün tədbir görülməsini və “Adya” şirkətinin onlarla əlaqəni kəsməsinin səbəblərinin araşdırılmasını tələb edib.
O həmçinin gəmidəki vəziyyətlərinin nəzarətə götürülməsini və zərurət yaranacağı təqdirdə təhlükəsiz şəkildə gəmidən çıxarılaraq ailələrinin yanına qayıtmalarına köməklik göstərilməsini istəyib.