Ru
14:41 / 17 Avqust 2021

Bakıda dəhşət yaşadan şirkət Adil Əliyevin deyil... – Bəs kimindir? - VİDEO

19029
Aylardır, Bakının mərkəzində bir tikinti şirkətinin heç bir qanun tanımadan, qol gücünə söküntü işləri aparması, etiraz edən vətəndaşları döyməsi, həbs etdirməsi barədə məlumatlar, videolar yayılır.

Bakupost.az xəbər verir ki, "Olympus" adlanan tikinti şirkəti barədə dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, heç bir nəticə yoxdur.


Şirkət şəhərin mərkəzi yerlərində, plana düşən ərazilərdə hündürmərtəbəli binalar tikir. Təklif olunan məbləğlə razılaşmayan vətəndaşların başına isə sözün əsl mənasında oyun açılır. İdmaçılardan ibarət dəstə ev sahiblərinə işgəncə verirlər. Bəzən sakinlər öz mənzillərində ola-ola söküntü işləri başlayır. Onların qanunsuzluğu ilə bağlı internetdə saysız-hesabsız videolar var. Bəlkə bu işlərdə vətəndaşlar da günahkardır, mümkündür ki, haqq etdiklərindən daha artıq pul almaq istəyirlər. Amma bu istək insanları ölümlə hədələmək, onlara fiziki zor tətbiq etdirmək, polis idarələrində süründürmək haqqı vermir. Vətəndaşın mülkiyyət hüququ dünyada ən çox qorunan hüquqdur.

"Olympus" isə bu hüquqları tanımır, bir dəstə idmançı ilə, güclə qanunları və evləri sakinlərin başına uçurur.



Hətta bir müddət əvvəl şirkət əməkdaşları paytaxtın ən məşhur idman klublarından olan, ölkə və dünya səviyyəsində ciddi nəticələr əldə etmiş idmançılar yetişdirən "Lider İdman Klubun"nun yerləşdiyi binanı gecə ilə yerlə-yeksan etmişdi. Klub rəhbərliyi əlində rəsmi sənədlə hara müraciət etdisə, nəticə olmadı...

Bəs bu ərköyün, qanunlar tanımayan, qoçu dəstələrilə meydan sulayan tikinti şirkəti kimindi?

Sadəcə bir tikinti şirkəti hətta haqlı olsa belə, bu cür rəftar edə bilməz. Kimdir bu şirkəti qoruyan?

Şirkətin sahibləri barədə indiyə kimi bir neçə versiya irəli sürülüb. Müxtəlif adamların adı çəkilib. Amma ən çox adı hallanan şəxs vitse-spiker Adil Əliyevdir.



Adil Əliyev artıq ikinci dəfədir ki, məsələ ilə bağlı açıqlama verir. Hətta bir dəfə hadisə baş verən yerə də gedib, evləri uçurulan şəxslərlə görüşüb, amma onun adı çəkilməkdə davam edir.

Əslində, Adil Əliyevin adının hallanmasında həm maraqlı tərəflər ola bilər, həm də müəyyən uyğunluqlar var.

Birinci, ona görə ki, bu tikinti şirkətinin cövlan etdiyi ərazilər əsasən Adil Əliyevin millət vəkili seçildiyi Nərimanov rayonundadır.

İkinci isə tikinti şirkətində idmançıların çoxluğu Adil Əliyevi tez-tez yada saır. Kikboksinq Federasiyasının fəxri sədri olan Adli Əliyevin ətrafında həmişə idmançılar olub...

Amma millət vəkili sənədlə-sübutla deyir ki, bu şirkətə heç bir aidiyyəti yoxdur.

Millət vəkilinin dünən yaydığı məlumatı diqqətinizə çatdırırıq:

“Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində baş vermiş hadisə ilə əlaqədar bildirmək istəyirəm ki, baş verən hadisələrdə əsassız və qərəzli şəkildə adımın çəkilməsi böyük təəssüf hissi doğurur. Bu ilin aprel ayının 24-də analoji hadisə baş vermiş və şəxsən özüm qeyd olunan ünvana gedərək onlarla görüşmüşdüm. Qeyd olunan görüş zamanı yerli sakinlərlə yanaşı, KİV nümayəndələri də iştirak etmişdir.


Görüş zamanı məlum olmuşdur ki, ərazidə aparılması nəzərdə tutulan tikinti işi ilə əlaqədar həmin binada yaşayan iki sakin - S.Həsənova və G.Məmmədova razılaşmırlar, tikinti şirkətinin daha yüksək məbləğ ödəməsini tələb edirlər. Səyyar qəbul zamanı bu məsələ barədə həmin vaxta qədər ünvanıma heç bir müraciət etmədikləri də bizə məlum olmuşdur.


Həmçinin, G.Məmmədovanın əri Alim Məmmədov və övladları adımın əsassız olaraq çəkildiyini və özümün də bura gələrək qeyd olunan məsələylə bağlı açıqlama verdiyimi KİV-ə verdiyi müsahibələrində bir daha bildirmişlər.


Daha sonra hər iki şəxs ərizəylə müraciət etmiş və müraciətlər tərəfimdən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq, ərizəçilərə məlumat verilməklə 28.04.2021-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmiş və qaldırılmış problemlərin həlli istiqamətində köməklik göstərilməsi xahiş edilmişdir. Eləcə də əsassız olaraq adımızın hallanması, habelə nüfuzumuza xələl gətirilməsi, vətəndaşlarla tikinti şirkəti arasında yaşanan insidentlə bağlı aidiyyəti üzrə eyni tarixli məktubla Daxili İşlər Nazirliyinə müraciət etmişik. Dəfələrlə köməkçilərim vasitəsilə hər iki şəxsə qanunun tələbləri izah edilmiş, baş vermiş istənilən qanunsuzluqla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək, eləcə də məhkəmədə iddia qaldırmaq hüquqlarının olması, mübahisənin hüquqi müstəvidə həllinə köməklik göstərilməsi ilə bağlı addımlar atılmışdır. Lakin, G.Məmmədovanın ailə üzvlərinin dediyi kimi hər hansı bir sahibkarı onlara daha artıq pul verməyə sövq etmək təəssüf ki, səlahiyyətlərimiz xaricindədir. Qeyd olunan məktubların, sənədlərin, eləcə də videomaterialların surətiylə tanış ola bilərsiniz”.

Adil Əliyev adı hallandığı üçün məsuliyyət hiss edir və bunu təkzib etməyə çalışır.

Bəs görəsən, bu şirkətin arxasında duran kimdi, nə boyda fiqurdur ki, haqqında yayılan məlumatlardan qətiyyən narahat olmur, məsələlərə aydınlıq gətirməyə belə lüzum görmür.
Suallar bununla da bitmir. Niyə bu şirkətlə bağlı aidiyyəti qurumlar məlumat vermir? Bu tükürpədici kadrlara niyə reaksiya verilmir?

Baku Post
Şərhlər
  • t.ədalət

    Görünür,bu şirkət açıq-aydın ölkə rəhbərini nüfuzdan salmaq üçün belə hərəkətlər edir.Nərimanov rayonunun ərazisində siçan dəməyinə qədər hər şey haqqında İH başçısı Abidin Fərzəliyevin xəbəri var.Hər binadan 2-3 mənzil də A.Fərzəliyevin olur.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər