Son illər bir sıra mağaza sahibləri oğurluqda ittiham etdikləri şəxslərin təhlükəsizlik kameralarına düşən görüntülərini üzləri aydın görünəcək şəkildə sosial şəbəkələrdə paylaşırlar.
Bakupost.az xəbər verir ki, oxşar addım “Sürməli” kosmetik mağazası rəhbərliyi tərəfindən də atılıb.
Lakin bu dəfə yayılan kadrların maraqlı tərəfi ondadır ki, mağaza sahibi oğurluqda ittiham etdiyi şəxsləri canlı şəkildə tutduğunu bildirib və həmin anları lentə alıb.
Yayılan video qısa müddətdə 2 milyona yaxıın baxış toplayaraq böyük izlənmə rekordu qırıb.
Məsələ ilə bağlı cəmiyyət arasında fikirlər birmənalı deyil. Belə ki, bəziləri bu cür görüntülərin paylaşılmasını tənqid edərək hadisənin yalnız hüquqi müstəvidə araşdırılmalı olduğunu bildirir. Digərləri isə oğurluqda şübhəli bilinən şəxslərin bu yolla ifşa edilməsinin düzgün olduğunu düşünür.
Bəs bu cür görüntülərin yayılması hüquqi məsuliyyət yaradırmı? Qanunvericilik nə deyir?
Məsələ ilə bağlı hüquqşünas Elnur Məmmədov
Bakupost.az -a bildirib ki, həm AR Konstitusiyasında, həm də cinayət qanunvericiliyində kimlərinsə icazəsi olmadan foto və video görüntülərinin çəkilməsi tamamilə qadağandır:
“Hər bir şəxsin təqsirsizlik prezumpsiyası var. Məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı olmadan kimisə hər hansı hadisəni törətməkdə ittiham etmək qanunla qadağandır. Belə olduğu təqdirdə mağaza sahibi və yaxud başqa şəxs tərəfindən kiminsə görüntüsünün yayılması tamamilə qanunvericiliyə ziddir.
Hüquqşünas qeyd edib ki, bu cür hallara məruz qalmış şəxslər hüquqlarını müdafiə etmək üçün məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər:
“Hüquq-mühafizə orqanları onların əməllərində cinayət olub-olmadığını araşdıraraq, qanunvericiliyə müvafiq formada tədbir görə bilərlər. Eyni zamanda, mülki qaydada həmin şəxslərə qarşı iddia qaldıraraq onlara dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək haqları var”.
Lalə Novruz,
BakuPost