Ru
18:03 / 13 May 2026

Bakıda tramvaya ehtiyac varmı? – Ekspertlər nə düşünür?

Bakıda tramvaya ehtiyac varmı? – Ekspertlər nə düşünür?
Eye

2025–2030-cu il dövlət proqramına əsasən Bakının müəyyən yerlərində tramvay yolları da salınacaq.

Hazırda məsələ ilə bağlı konseptual plan hazırlanır. İlkin olaraq da Mehdiabad qəsəbəsindən Bakının mərkəzinə tramvay xətklərinin çəkilişi gözlənilir. Ümumiyyətlə, 5 fərqli istiqamət üzrə tramvay olması planlaşdırılır.

Bəs tramvay həqiqətən Bakıya lazımdırmı?

İqtisadçı ekspert Fuad İbrahimov Bakupost.az-a bildirib ki, tramvayların işə salınması müasir dövrün tələbidir:

“Tramvay ekoloji, təmiz nəqliyyat vasitəsi olmaqla dövrün tələbidir. Burada xərc məsələsi o qədər də önəmli deyil. Əsas şəhərin ekoloji cəhətdən təmiz olmasıdır. Avtobusdansa xüsusi yolu olan tramvayın olması daha məqsədəuyğundur”.

Ekspert tramvayların işləməsilə tıxac probleminin həll ediləcəyinə də inanmadığını deyir:

“İndi başa düşürük ki, paytaxtımıza tramvay da lazımdır. Bu məsələ ilə bağlı elə bilirik ki, tramvayın gəlməsilə Bakının tıxac problemi də aradan qalxacaq və yaxud azalacaq. Əslində, belə deyil, tramvayların işə düşməsi heç də tıxac problemini aradan qaldırmayacaq. Tıxacın aradan qaldıra biləcək iki göstərici var. Yolların genişlənməsi, infrastrukturun mərtəbələrə bölünməsi və iş yerlərinin açılması məsələsi”.

Ekspertin fikrincə, vaxtilə tramvayların sökülməsi cinayət əməlidir:

“Müstəsna hal olaraq bu yöndə qərar verən insanlara qarşı iş açılmalıdır ki, gələcək nəsli bir daha bu səhvi etməsin”.

Nəqliyyat eksperti Ərşad Hüseynov isə bildirib ki, tramvay şəhər içində hərəkət edən avtobuslardan daha sürətlidir:

“Bu da tramvay yolunda kəsişmələrin, yol ayrıcıların minimum olması ilə bağlıdır. Digər tərəfdən eyni əhəmiyyətli yolların kəsişməsində tramvay daha üstün hesab edilir”.

Ekspert qeyd edir ki, tramvayın Bakının relyefinə də heç bir aydiyyatı yoxdur:

“Tramvay xətləri təxminən 28 may, Gənclik, ordan üzü şimala Binəqədi, Mehdiabad istiqamətində olacaq. Hansı ki, burada relyeflə bağlı heç bir problem yoxdur. Tramvay həm də kütləvi sərnişin axınının olduğu məkanları əhatə edəcək. Şəhərin ekoloji təmizliyi baxımdan da tramvaylar daha məqbuldur. Düzdür, tıxac yenə də olacaq”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar