Son aylarda Azərbaycanda normadan artıq yağıntılar müşahidə olunur. Rəsmi məlumatlara görə, Bakı və Abşeron yarımadası daxil olmaqla, bir çox bölgədə yağıntının miqdarı 40–55 mm arasında dəyişir. Bu isə aylıq normanın 203–279 faizini təşkil edir.
Qeyri-adi hava şəraiti öz növbəsində müxtəlif suallar doğurur. Xüsusilə sosial mediada və bəzi informasiya resurslarında yağıntıların səbəbi ilə bağlı fərqli iddialar səsləndirilir. Bəzi versiyalara görə, regionda hava proseslərinə texnoloji müdaxilə olunur. İddia edilir ki, İranın Birləşmiş Ərəb Əmirliklərində iqlimə təsir göstərən texnologiyanı sıradan çıxarması nəticəsində bölgədə yağıntılar artıb.
Digər versiyaya əsasən isə uzun müddət quraqlıq yaşayan İran özü buludların süni səpilməsi üsulundan istifadə edir. Bu zaman buludlara xüsusi maddələr ötürülür və nəticədə yağıntının miqdarı artır.
İran rəsmiləri isə İsrail və BƏƏ-ni “yağışlara müdaxilə etməkdə” ittiham edir. Tehran bildirir ki, xarici təsir nəticəsində yağıntılar erkən baş verir və buludlar İrana çata bilmir.
Hətta Bakıya yağan yağışların süni olduğunu belə iddia edənlər var.
Bəs son vaxtlar normadan artıq müşahidə olunan yağıntılar doğrudanmı bu cür süni müdaxilələrlə bağlıdır, yoxsa iqlim dəyişikliyinin nəticəsidir?
Mövzu ilə bağlı
Bakupost.az -a danışan ekoloq Sadiq Həsənov bildirib ki, səsləndirilən iddiaların elmi əsası yoxdur və daha çox təbliğat xarakteri daşıyır:
“Hazırda dünyada elə bir texnologiya mövcud deyil ki, buludları bir ərazidən digərinə yönləndirərək orada quraqlıq yaratsın. Hətta gələcəkdə belə bir imkan yaransa belə, bu, son dərəcə böyük maliyyə xərci tələb edər. Bu halda sual yaranır, bu qədər böyük vəsait xərcləyib hansı nəticəni əldə etmək istəyirlər? Ona görə də bu kimi fikirlər elmi əsasdan uzaqdır”.
Ekoloqun sözlərinə görə, Azərbaycanda yağıntıların normadan bir neçə dəfə artıq qeydə alınması yeni hal deyil:
“Bu cür hallar 1953, 1969 və 1993–1994-cü illərdə də müşahidə olunub. Hazırda müşahidə olunan dəyişikliklər əsasən iqlim dəyişikliyi ilə bağlıdır. Yer kürəsində orta temperaturun 1.5°C-dən-2°C-ə artması davam edir. Bu isə əsasən yanacaq istehlakının artması nəticəsində atmosferdə karbon dioksid, karbon monoksid, metan və azot oksidlərinin miqdarının yüksəlməsi ilə əlaqədardır. Nəticədə qlobal istiləşmə baş verir. Atmosferdə toplanan bu qazlar günəşdən gələn enerjinin tam şəkildə geri qaytarılmasına maneə törədir və istiliyin saxlanmasına səbəb olur. Bu proseslər iqlim sisteminə təsir göstərir. Rütubətlilik də artıb. Bunun nəticəsində Arktikadan gələn siklonlar, buzlaqların əriməsi fonunda, daha aktiv şəkildə regionumuza, xüsusilə Şərqi Sibir istiqamətindən daxil olur. Bu da intensiv və normadan artıq yağıntıların artmasına səbəb olur”.
Lalə, BakuPost