Ru
08:40 / 17 Noyabr 2026

Balıq bahalaşır, qidalanma strukturu dəyişir: Qiymət artımı bizə necə təsir edir?

Balıq bahalaşır, qidalanma strukturu dəyişir: Qiymət artımı bizə necə təsir edir?
Eye

Azərbaycanda bəzi balıq növlərinin, xüsusilə İrandan gətirilən forelin qiymətində artım müşahidə olunur.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, balıq bazarında qiymət artımının əsas səbəblərindən biri təklifin azalmasıdır. Xüsusilə İrandan gətirilən forelin bazara əvvəlki həcmdə çıxarılmaması bu məhsulun bahalaşmasına şərait yaradır. Lakin onun sözlərinə görə, qiymət artımını yalnız idxalın azalması ilə əlaqələndirmək düzgün olmazdı. Tədarük, daşınma, soyuducu anbarlarda saxlanma, yanacaq və digər logistika xərclərinin yüksəlməsi də son qiymətə təsir göstərir.

O qeyd edib ki, idxaldan asılılıq Azərbaycan bazarının xarici tədarükdə baş verən dəyişikliklərə həssas olduğunu göstərir. Yerli balıq istehsalı müəyyən qədər inkişaf etsə də, hələlik bazarın tələbatını tam ödəmək və idxal məhsulları ilə ciddi rəqabət aparmaq gücündə deyil.

A.Nəsirlinin fikrincə, yerli istehsalın genişləndirilməsi üçün balıqçılıq təsərrüfatları artırılmalı, müasir yetişdirmə texnologiyaları tətbiq olunmalı, yem təminatı yaxşılaşdırılmalı və istehsal xərcləri azaldılmalıdır. Xüsusilə forel kimi balıq növlərinin yerli şəraitdə sənaye üsulu ilə yetişdirilməsi imkanlarından daha səmərəli istifadə edilməlidir.

O vurğulayıb ki, balığın bahalaşması əhalinin istehlakına da təsirsiz ötüşmür. Alıcılıq qabiliyyəti zəiflədikcə insanlar daha az balıq alır, yaxud onu daha ucuz ərzaq məhsulları ilə əvəz edirlər. Bu isə uzunmüddətli perspektivdə qidalanma strukturuna mənfi təsir göstərə bilər.

A.Nəsirli hesab edir ki, idxalın artırılması müəyyən müddətə bazarda təklifi genişləndirərək qiymət artımını zəiflədə bilər. Ancaq bu, davamlı həll yolu deyil. Çünki xarici bazarlardan asılılıq qaldığı müddətdə istənilən tədarük problemi yenidən qiymət artımına səbəb ola bilər.

Onun sözlərinə görə, əsas məsələ yerli istehsalı artırmaq, balıqçılıq təsərrüfatlarına investisiyaları təşviq etmək, istehsalçılara güzəştli maliyyə imkanları yaratmaq və bazarda sağlam rəqabəti gücləndirməkdir. Yerli istehsal genişləndikcə həm idxaldan asılılıq azalacaq, həm də istehlakçılar üçün daha münasib qiymətlərin formalaşmasına şərait yaranacaq.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar