Belçikada “Klub Bryügge” ilə keçirilən Çempionlar Liqası oyunu öncəsi “Barselona” azarkeşlərini daşıyan avtobus yanıb.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 18:30 radələrində Yan Breydel stadionu yaxınlığındakı magistralda qeydə alınıb. İlkin ehtimala görə, avtobus fişəng səbəbindən alışıb.
Brügge yanğınsöndürmə xidmətinin mayoru Yeroen Bonte yerli mediaya açıqlamasında bildirib ki, “yanğın baş verəndə avtobus tam dolu olub”. Onun sözlərinə görə, sərnişinlər dərhal təxliyə olunub, xəsarət alan olmayıb.
Sosial şəbəkələrdə yayılan kadrlarda qalın qara tüstünün göyə qalxdığı, azarkeşlərin soyuq havada yol kənarında gözlədiyi görünür.
Hadisə şahidlərindən biri “The Sun” nəşrinə açıqlamasında, “Yoldan keçərkən böyük tüstü gördüm. Yaxınlaşanda bunun yanmaqda olan avtobus olduğunu anladım. Tamamilə alova bürünmüşdü”, – deyib.
Polis insidentlə bağlı bir nəfərin saxlandığını açıqlayıb. Hadisənin səbəbləri araşdırılır.
Cavid, BakuPost