Böyük Britaniyanın paytaxtı Londonda baş verən və beynəlxalq mətbuatın gündəmindən düşməyən skandal hadisənin təfərrüatları üzə çıxıb.
“Bakupost” xəbər verir ki, intensiv hərəkət olan küçənin kənarında yarım saat boyunca huşsuz halda qalan qadının Birləşmiş Ərəb Əmirliklərini idarə edən Əl Nəhyan ailəsinin üzvü – 32 yaşlı Şahzadə Məhrə əl Nəhyan olduğu məlum olub.
Şahzadə paytaxtın işlək küçələrindən birində çəpərlərə söykənərək huşsuz vəziyyətdə tapılıb. Onun 3 yaşlı körpə uşağı isə ayaqqabısız halda, hərəkətdə olan avtomobillərin və təhlükəli nəqliyyat axınının tam yanında nəzarətsiz qalıb.
Yoldan keçən vətəndaşların vaxtında müdaxiləsi ehtimal olunan faciənin qarşısını alıb. Təxminən 30 dəqiqə boyunca özünə gələ bilməyən şahzadənin yanında olan uşağa polis əməkdaşları gələnədək ətrafdakılar nəzarət edib.
Polis əməkdaşlarının apardığı axtarış zamanı şahzadənin çantalarında narkotik vasitələrin qəbulu üçün istifadə edilən ləvazimatlar tapılıb, lakin qanunsuz maddənin özü aşkar edilməyib.
Londonun "Southwark" (Sautuork) Kral Məhkəməsində hakim qarşısına çıxan şahzadə məsuliyyətsizliyini etiraf edib.
Məhkəmə Şahzadə Məhrə əl Nəhyan barəsində 2 il müddətinə ictimai işlər və məcburi reabilitasiya cəzası kəsib. Həmçinin onun 5 min funt-sterlinq cərimə və 1000 funt-sterlinq məhkəmə xərclərini ödəməsinə qərar verilib. Şahzadənin hadisədən sonra asılılıqdan qurtulmaq üçün müalicə kursuna başladığı bildirilib.
Bilal,
BakuPost