“Ən böyük arzum Bakını tərk edib köçməkdir. Allah icazə versə, niyyətim başqa ölkəyə yox, öz kəndimizə köçməkdir. Ola bilsin Şamaxı olsun, ola bilsin Basqal, ya da başqa bir zona…”
Bakupost.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə deyib.
“İshlak podcast” “YouTube” layihəsinin qonağı olan aktyor Bakının keçmiş günlərini xatırlayıb:
“Bakı artıq emosional olaraq yaşamaq üçün şəhər deyil. Bir az keçmişə baxsaq, 70-ci illərin sonlarından 80-ci illərin ortalarına qədər Bakı dünyanın gözəl şəhərlərindən biri idi. Təxminən 1986-87-ci illərə qədər belə idi. Sonra hər şey dəyişdi. O zamanlar şəhər çox maraqlı idi, çox maraqlı insanlar yaşayırdı, özünəməxsus adətlər, qaydalar vardı.
Hər bir şeyin öz sahibi vardı. Əgər bir iş edilibsə, bilinirdi ki, bunu yalnız Məmmədağa edib. Başqasının belə bir hərəkət etməsi mümkün deyildi. Məsələn, bunu Əhmədağa etməyəcəkdi, bunu yalnız Məmmədağa edirdi.
O zamanlar insanlar öz bacarıqları və işlərinə görə tanınırdı. Oğurluq edən ayrı, bandit ayrı, rüşvət edən ayrı, adam öldürən isə tam fərqli idi. Adam öldürənlər oğurluq edə bilməzdi, oğurluq edənlər isə adam öldürməzdi. Hər kəsin öz yeri var idi…”
B.Bağırzadə uşaqlıq illərindən danışıb:
“Uşaqlıq xatirələrimdə atamın məni məktəbə aparmağı var. O vaxtlar atam Daxili İşlər Nazirliyində işləyirdi. Mən isə 189 saylı məktəbə gedirdim. Hər səhər Bakıdan təndirin, şor qoğalının qoxusu gəlirdi.
O vaxt insanların xasiyyəti fərqli idi. Hətta kanalizasiyanın qoxusu belə başqaydı, küləyin və uzaqdan gələn ətir şleyfinin qoxusu başqa idi. İnsanlar bir-birinə salam verirdi. Sabahın erkən saatlarında yolda, trolleybusda, avtobusda, tramvayda insanlar salamlaşırdı. İndi nə tramvay var, nə trolleybus, nə də o insanlar qalıb…”