Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində 300 nömrəli məktəbin yaxınlığında yerləşən kanalizasiya lükü çökərək sakinlərə təhlükə yaradıb.
Bakupost.az xəbər verir ki, bu barədə yerli sakinlərin çəkdiyi video sosial mediada yayılıb.
Sakinin sözlərinə görə, lükün ətrafı çökməyə başlayıb və bu, xüsusilə məktəblilər və azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradıb:
"Get-gedə burda çuxur əmələ gəlib. Hələ yolun qırağındakı hissə açıqdır. Bura məktəb, bağça yoludur, uşaqlar burdan keçir. Bir az yağış yağan kimi kanalizasiya daşır və ətrafı üfunət qoxusuna bürünür".
Şikayətçi əlavə edib ki, yaxınlıqda daha bir problemli lük var və onun da üstü yalnız müvəqqəti olaraq daşlarla örtülüb:
"O lükün də üstünü daşlayıb çıxıb gediblər.Yəni guya bu məsələ həll olundu, amma elə deyil, hər an çöküntü baş verə bilər, çünki bura boşluqdur".
Məsələ ilə bağlı Biləcəri bələdiyyəsindən Günel Həsənova Bakupost.az-ın sorğusuna cavab olaraq bildirib ki, problemin aradan qaldırılması üçün tədbirlər görüləcək.
Bir neçə saat sonra isə Biləcəri Rayon İcra Hakimiyyətindən Bakupost.az -a bildirilib ki, sözügedən ərazidəki qəza aradan qaldırılıb və lükün bərpası yekunlaşdırılıb.
Lalə Novruz, BakuPost