Məzuniyyətə çıxan, xəstələnən və ya işdə müvəqqəti olmayan əməkdaşın vəzifəsini başqa işçinin yerinə yetirməsi bir çox müəssisədə rast gəlinən haldır. Praktikada isə ən çox mübahisə yaradan məsələlərdən biri budur: əlavə iş yükü götürən əməkdaşın maaşına əlavə ödəniş edilməlidirmi? Bəzi işçilər bildirirlər ki, aylarla həm öz işlərini, həm də başqa əməkdaşın funksiyalarını yerinə yetirsələr də, buna görə əlavə əməkhaqqı almırlar. Əmək qanunvericiliyinə görə, işçinin başqa vəzifəni əvəz etməsi, əlavə funksiyalar yerinə yetirməsi və ya iş həcminin artırılması müəyyən qaydalarla tənzimlənir. Ancaq bir çox hallarda işçilər hüquqlarını tam bilmədikləri üçün əlavə ödəniş tələb etmirlər və ya bunun hansı formada hesablanmalı olduğunu bilmirlər.
"Bakupost" xəbər verir ki, bu barədə Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında əmək qanunvericiliyinə əsasən, müxtəlif səbəblərlə işdə olmayan əməkdaşların iş yerində müvəqqəti əvəz olunmasına icazə verildiyi bildirilib.
“Buraya analıq məzuniyyətində, öz hesabına məzuniyyətdə, sosial məzuniyyətdə, əmək və təhsil məzuniyyətində olan, eləcə də əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslər daxildir. Bu qayda müəssisənin fəaliyyətində fasilənin yaranmaması və iş prosesinin davamlılığının təmin edilməsi məqsədi daşıyır. Bu, iş prosesinin dayanmasının qarşısını almaq və müəssisənin fəaliyyətinin fasiləsiz davam etməsini təmin etmək məqsədi daşıyır. Belə hallarda əvəzedici işçi həmin vəzifənin funksiyalarını müəyyən müddət ərzində icra edir və bununla bağlı əməkhaqqı məsələsi də qanunvericiliklə tənzimlənir. Bir qayda olaraq, əgər əvəz olunan şəxsin əməkhaqqı ilə onu əvəz edən şəxsin əməkhaqqı arasında fərq varsa və bu fərq müsbətdirsə, həmin məbləğ əvəzedici işçiyə əlavə olaraq ödənilir. Məsələn, əvəz olunan işçi aylıq 1500 manat əməkhaqqı alırsa, onu müvəqqəti əvəz edən işçinin maaşı isə 1200 manatdırsa, aradakı 300 manat fərq əvəzetmə müddəti ərzində həmin şəxsə ödənilə bilər. Bu yanaşma ondan irəli gəlir ki, işçi daha yüksək məsuliyyət və ya daha yüksək maaşlı vəzifənin funksiyalarını yerinə yetirmiş olur. Digər halda isə ola bilər ki, həm əvəz edən, həm də əvəz olunan şəxsin vəzifəsi və əməkhaqqı eyni olsun. Bəzən isə əvəzedici şəxsin maaşı daha yüksək ola bilər. Belə vəziyyətlərdə əməkhaqqına müəyyən əlavə hesablanaraq ödəniş həyata keçirilir. Bu əlavə ödənişin məbləği müəssisədaxili qaydalardan, kollektiv müqavilədən və iş rejimindən asılı olaraq dəyişə bilər”.
O qeyd edib ki, burada iş rejimi də mühüm rol oynayır:
“Əgər iş vaxtamuzd sistem üzrə qurulubsa, yəni işçi işlədiyi vaxta görə maaş alırsa, əlavə ödəniş bir cür hesablanır. Əgər işəmuzd sistem tətbiq olunursa, yəni görülən işin həcminə görə ödəniş edilirsə, bu zaman hesablanma mexanizmi fərqli ola bilər. Hər bir halda qanunvericilikdə nəzərdə tutulur ki, belə əlavə ödənişlərin müəyyən həddi olmalıdır. Praktikada bu əlavənin məbləği əvəz olunan işçinin əməkhaqqının yarısından çox olmamaq şərtilə müəyyən edilə bilər. Məqsəd həm işçinin əlavə əməyini qiymətləndirmək, həm də müəssisədaxili əməkhaqqı balansını qorumaqdır. Bu mexanizm xüsusilə dövlət qurumlarında, təhsil və səhiyyə müəssisələrində, eləcə də böyük kollektivlə çalışan özəl şirkətlərdə geniş tətbiq olunur. Çünki işçinin müvəqqəti işdə olmaması müəssisənin fəaliyyətinə təsir göstərməməlidir və həmin funksiyalar müəyyən dövr ərzində başqa əməkdaş tərəfindən icra edilməlidir”.