Türkiyənin turizm sənayesi Aralıq və Egey dənizləri sahilləri də daxil olmaqla, ölkənin geniş ərazilərini əhatə edən kütləvi meşə yanğınları səbəbindən itkilərlə üzləşib.
Bakupost.az xəbər verir ki, "The Economist" nəşri Türkiyədəki yanğınların ölkə turizminin başına gələn böyük bədbəxtlik kimi dəyərləndirib.
Bildirilib ki, bu il Egey dənizində yüzlərlə yeraltı təkanlar baş verib və bu, güclü zəlzələnin yaxınlaşacağına dair qorxuları artırıb. Bundan əlavə, Türkiyədə iyul ayında illik inflyasiya 33,5%-ə çatıb. Bu da ölkənin orta və aztəminatlı təbəqəsinin səyahət imkanlarına mənfi təsir göstərib.
Ölkənin əsas turizm bölgələrindən sayılan Antalyada da geriləmə qeydə alınıb. Bölgədəki turistlərin sayı 2025-ci ilin birinci rübündə əvvəlki illə müqayisədə 30% azalıb və azalma daha çox xarici turistlərin sayındadır.