Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin Belqraddakı hotel layihəsinin ləğvinə sərt reaksiya verib. O, iqtisadi zərərlə bağlı məsul şəxslərin hesab verməsini tələb edib.
Bakupost.az "Frans Press"ə istinadən xəbər verir ki, Vuçiçin sözlərinə görə, Kuşnerin şirkətinin layihədən çəkilməsi təxminən 750 milyon avro zərər yaradacaq:
"Təəssüf ki, həm dövlət, həm də xalq olaraq böyük zərər gördük. Ən az 750 milyon avroluq strateji investisiya əldən çıxdı".
Prezident həmçinin layihənin ləğvinə görə hökumət əleyhinə etirazların təşkilatçılarını və iddianı hazırlayan prokurorları günahkar sayıb:
"Protestlər və prokurorlar bizi ciddi iqtisadi zərərə uğratdı. Bu zərərə yol açan hər kəsi sorğu-sual edəcəm, şəxsən cavab verəcəklər”.
Vuçiç vurğulayıb ki, investisiya yatırımına mane olan hər kəsə qarşı cinayət işi açılacaq.
Bu qərardan sonra Kuşnerin şirkəti “Affinity Partners” layihənin ləğv olunduğunu açıqlayıb. Belqradın mərkəzində tikilməsi nəzərdə tutulan hotel və göydələn kompleksi, 1999-cu ildə Kosova müharibəsi zamanı NATO tərəfindən bombalanmış ərazidə yerləşəcəkdi.
Lüks “Trump” brendini daşıyacaq hotel və layihədə “Trump Organization”un rəhbərliyi altında ABŞ prezidentinin oğulları Erik və Donald Jr. iştirak edirdi.
Layihə bombalanmış Yuqoslaviya Xalq Ordusu qərargahının yerləşdiyi xüsusi ərazidə tikiləcəyi üçün ölkədə böyük mübahisələr yaratmışdı. Vuçiç isə keçən il bu ərazinin mədəni qorunma statusunu ləğv etmiş və Kuşnerin firması ilə 99 illik icarə müqaviləsi bağlamışdı.
Bunun ardınca ölkədə geniş etiraz aksiyaları baş vermişdi. Vuçiçin partiyası isə parlamentdə çoxluğa sahib olaraq inşaatın yolunu açan qanunu səsvermədən keçirmişdi.
Lakin bu addıma müxalifət tərəfdən sərt reaksiyalar gəlib. Azadlıq və Ədalət Partiyasının deputatı Marinika Tepic hökuməti “Donald Trumpı məmnun etmək üçün ölkə tarixini məhv etməkdə” ittiham edib.
Cavid, BakuPost