Ru
13:37 / 16 İyul 2026

Ceyhun Bayramovun Moskva səfəri: Lavrovla nələr danışılacaq?

Ceyhun Bayramovun Moskva səfəri: Lavrovla nələr danışılacaq?
Eye

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb.

Bu barədə "Bakupost"a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Səfər çərçivəsində, Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli görüşü nəzərdə tutulub.

Siyasi şərhçi Mehman Əliyev Bakupost.az-a bildirib ki, C. Bayramovun Moskva səfərində ilk növbədə Bakı ilə İrəvan arasında dialoq prosesinin davam etdirilməsi müzakirə predmeti olacaq:

“Lavrovla olacaq görüşdə Ermənistanda seçkilərlə bağlı olaraq Bakı ilə İrəvan arasında dayanan dialoq prosesinin davam etdirilməsi məsələsinin müzakirəsi gözlənilir. Bu istiqamətdə sülh sazişinin imzalanması mərhələsinə hazırlıq işləri gedir. Onun reallaşmasına zəmin yaranıb. Çünki Ermənistanda Paşinyan hakimiyyətdə qaldığından proses davam edir”.

Ekspertə görə, görüşdə İran ətrafında cərəyan edən proseslər də diqqət mərkəzində olacaq:

“Səfər çərçivəsində İran, oradakı proseslər, tərəflər arasında hansısa vahid, yaxud anlaşan bir mövqenin ortaya qoyulması kimi məsələlərin müzakirəsi də istisna deyil”.

Gündəmdə olacaq digər mövzu isə müsahibimizin fikrincə regional əməkdaşlıq, Rusiya-Azərbaycan münasibətləri olacaq:
“Moskva ilə Bakı arasında münasibətlərin ciddi şəkildə korlandığını düşünmürəm. Ölkələr arasında iqtisadi münasibətlər normal şəkildə inkişaf edir. Heç bir geriləmə yoxdur. Düzdür, müəyyən məsələlərdə siyasi ritorika qalmaqdadır. Habelə, Ukrayna məsələsinin müzakirəsi də vacibdir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar