Rusiyanın Dövlət Dumasının deputatı, Azərbaycana qarşı qərəzli mövqeyi və ermənipərəst açıqlamaları ilə tanınan Konstantin Zatulin Qarabağ məsələsində Moskvanın bütün imkanlarından istifadə etmədiyini etiraf edib. O, eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya xəyanətdə ittiham edib.
"Bakupost" Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Zatulin «Moskovski komsomolets» qəzetinə açıqlamasında danışıb.
MDB Ölkələri İnstitutunun direktoru olan deputat Rusiya-Ermənistan münasibətlərinin pisləşməsində hər iki tərəfin eyni dərəcədə günahkar olması fikri ilə razılaşmadığını bildirib.
Zatulin 2020-ci il hadisələrinə toxunaraq Rusiyanın Qarabağ uğrunda müharibənin qarşısını almaq üçün bütün imkanlarından istifadə etmədiyini iddia edib.
«Biz Qarabağın itirilməsinə gətirib çıxaran müharibənin qarşısını almaq üçün bütün imkanlarımızdan istifadə etmədik», – deyə o bildirib.
Deputat Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini ermənilər üçün «milli faciə» adlandırıb. O, Azərbaycanda məhkum edilmiş erməniəsilli şəxsləri özünün «dostları və tərəfdaşları» kimi təqdim edərək onların həbsini şəxsi faciəsi hesab etdiyini söyləyib.
Qeyd edək ki, Zatulin uzun illər Qarabağ separatçılarına açıq siyasi dəstək verən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı qərəzli mövqe sərgiləyən rusiyalı siyasətçilərdən biridir. Onun açıqlamasında da Qarabağ məsələsinə məhz bu mövqedən yanaşdığı görünür.
Paşinyanı Rusiyaya xəyanətdə ittiham etdi
Zatulinin sözlərinə görə, Rusiya-Ermənistan münasibətlərindəki böhranın əsas səbəbkarı Nikol Paşinyandır.
O iddia edib ki, Paşinyanın Qərbə yaxınlaşmaq siyasəti 2020-ci il müharibəsinin nəticəsi deyil, onun siyasi karyerası boyunca izlədiyi şüurlu xəttdir.
Deputat Ermənistan rəhbərliyini Rusiya ilə tarixi əlaqələri zəiflətməkdə, ölkəni Avropa və ABŞ-yə yaxınlaşdırmaqda günahlandırıb.
Zatulin hesab edir ki, İrəvan Avrasiya İqtisadi İttifaqı çərçivəsində Rusiyadan iqtisadi güzəştlər əldə etməyə davam etməklə yanaşı, həmin imkanlardan Qərbə inteqrasiya üçün yararlanmağa çalışır.
«Ermənistan hakimiyyəti Rusiyanı və Avrasiya İqtisadi İttifaqındakı digər müttəfiqlərini aldatmaq istəyir. Onlar iqtisadi əlaqələrdən faydalanaraq Ermənistanın bir düşərgədən digərinə keçidini maliyyələşdirməyə çalışırlar», – deyə düşmən deputat bildirib.
Zatulin Avropa İttifaqını Rusiyanın düşməni adlandıraraq Ermənistanın bu quruma üzvlük istiqamətində atdığı addımları kəskin tənqid edib.
Onun fikrincə, Paşinyan hökumətinin Avropa İttifaqına inteqrasiya ilə bağlı qanun qəbul etməsi Ermənistanın Rusiyanın rəqibləri sırasına keçmək niyyətini nümayiş etdirir.
Deputat İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurmasını da tənqid edib.
«Bu, müharibə dövründə xəyanətdir»,-deyə o, qeyd edib.
Zatulin Ermənistan rəhbərliyinin siyasətini «hərbi əməliyyatlar dövründə xəyanət» adlandırıb.
«Biz müharibə aparırıq. Rəsmi olaraq hələ də müttəfiqimiz sayılan ölkənin bu vəziyyəti nəzərə almasını istəyirik», – deyə o vurğulayıb.
Deputat bildirib ki, Moskva bundan sonra Ermənistanla münasibətlərdə öz iqtisadi maraqlarını və Avrasiya İqtisadi İttifaqının gələcəyini əsas götürəcək.
Bununla belə, Rusiya Ermənistanla mədəni əlaqələri qorumağa çalışacaq.
Zatulin sonda Paşinyanın həyata keçirdiyi siyasətə görə cavab verməli olacağını söyləyib.
«Təəssüf ki, o, bunun cavabını təkbaşına deyil, bütün Ermənistanla birlikdə verəcək», – deyə rusiyalı deputat bildirib.