ABŞ və Kanadadakı ailələr “ChatGPT” adlı məşhur çat-botu hazırlayan "OpenAI" şirkətinə qarşı Kaliforniya ştatının məhkəmələrinə yeddi iddia qaldırıblar. Onlar şirkəti intihara təhrikdə ittiham edirlər.
Bakupost.az Ölkə.Az-a istinadla xəbər verir ki, məhkəmə ərizələrinə görə, dörd nəfər, o cümlədən Corciyadan olan 17 yaşlı yeniyetmə və Texasdan olan 23 yaşlı gənc intihar edib, daha üç nəfər isə "ChatGPT" ilə uzunmüddətli ünsiyyətdən sonra ciddi psixoloji travma alıb.
İddiaçılar bildirirlər ki, “insanlar çat-botla uzun söhbətlərdən sonra bəzən xəyalpərəst və ya sayıqlama vəziyyətinə düşür, bu da intihara gətirib çıxarır”. Onlar kompensasiya ödənilməsini və "ChatGPT"də avtomatik söhbəti dayandıran mexanizmlərin tətbiqini tələb edirlər.
OpenAI bəyanat yayaraq bu vəziyyəti “dəhşətli” adlandırıb. Şirkətin açıqlamasında deyilir:
“Biz bütün sənədləri öyrənirik ki, detallar aydınlaşdırılsın”.
OpenAI həmçinin oktyabr ayında edilən dəyişikliklərə diqqət çəkib — həmin yeniliklər çat-botun psixi pozuntuları daha yaxşı tanımasına, insanları real yardım üçün yönləndirməsinə imkan verir.
“Biz "ChatGPT"nin həssas anlarda reaksiyasını daim təkmilləşdiririk,” – deyə şirkətdən bildirilib.
Qeyd edək ki, daha əvvəl verilən məlumata əsasən, hər həftə 1 milyondan çox insan "ChatGPT" ilə intihar mövzusunda danışır.
"TechCrunch" texnologiya portalının hesablamalarına görə, istifadəçilərin təxminən 0,07%-i hər həftə psixoz və ya mani kimi kəskin psixi pozuntu əlamətləri göstərir.