(Sabir Rüstəmxanlının “Ad günüm” şeiri üzərinə bir neçə söz)
Paytaxtdan 450 km günbatarda, dəniz düzeyindən 1551 m yüksələrdə – bu sətirlərin yazarı hələ orta məktəbdə oxuyarkən üç-dörd kitab əl-əl, öy-öy, könül-könül dolaşardı; onlardan birinin müəllifi elə bizim Tovuzdandı – söhbət Qəzənfər Paşayevdən və onun “6 il Dəclə-Fərat sahillərində” kitabından gedir; digəri Sabir Rüstəmxanlının “Ömür kitabı”ydı.
İki qəzet, bir dərgi də əl-əl, öy-öy, könül-könül dolaşardı: yenə bizim Tovuzdan olan Məmməd İsmayılın “Gənclik-Molodost”uydu, Ramız Əskərin “Odlar yurdu”ydu, Sabir Rüstəmxanlının “Azərbaycan”ıydı. Bax, “bizim” deyirəm, “Ramiz Əskərin”, “Sabir Rüstəmxanlının” deyirəm ha – elə, o kitablar, o qəzet-dərgilər də anlayışlara, qavrayışlara baxışımızı dəyişdirdi yaxud formalaşdırdı; bizim bizdən çox daha böyük olduğumuzu götərdi; o kitablar, qəzet-dərgilər söz-sovumuza məna dərinliyi bəxş etdi, bizim üfqümüzü genişləndirdi, üfüqün ötəsinə səslədi bizi… O qəzet-dərgilər hər nə qədər bəlli qurumların orqanıydısa, ən azı bir o qədər də öz baş redaktorlarına oxşayırdı. Mən Sabir Rüstəmxanlı imzasıyla belə tanışdım. Və vaxt gəkdi-vədə yetişdi, mən “Altun bitig - Qızıl kitab” yazası oldum, sonra onun Sabir bəyin yazı masasında gördüm… Ustad lütf etmiş, hətta TV çıxışında həmin kitabı öymüşdü.
Tovuz da, Yardımlı da, sınır bölgəsidir – ancaq sınırötəsində yenə öz torpağımızdır… “Vətənin qıraqda qalan yerləri” – bu söz, yanılmıramsa, Şurəddin Məmmədliyə aiddir. Ancaq Sabir Rüstəmxanlı yaradıcılığıyla tanışdıqca, dil hadisəsi, bədii qüvvət və estetika ilə yanaşı, mədəniyyət iqlimi, milli coğrafiya da göz önündə canlandı, canlandırdı… “Vətənin qıraqda qalan yerləri” varmı? – var; amma “qıraqda qalan yer” qavramı Güney Azərbaycan dar gəlir, oralara gərək daha fərqli qavramlarla yanaşaq…
Bir də – bayaq dil hadisəsi dedik ya - BOYNU QALSTUKLU KÖRPƏ ÇİÇƏYİ vardı Sabir bəyin:
“Bоynu qalstuklu körpə çiçəyim,
Bu bоyda məclisdə
səndən savayı
öz ana dilində kəlmə kəsən,
bir nəfər danışan оlmasa bеlə,
ədalı хanımlar, harın kişilər
охuyub kеçsə də yad bir havanı
sıхılma, əzizim,
darıхma, canım!
səni bu daş duyar, bu divar duyar.
Səni bu göy duyar, bu hava duyar...
Şеir söylədiyin cingiltili səs
nə sənin səsindi, nə mənim səsim.
çiçək pıçıltısı,
şimşək çaхışı,
könül hayqırışı –
Vətənin səsi!
Salоnu titrədən büllur harayla
Tanrının özüdü danışan bu gün.
Tоrpağın təpəri gəlib səsində
mürgülü vicdanlar оyatmaq üçün.
Yохsa bu güc hardan, bu sеhr hardan,
Yохsa bu möcüzə, bu işıq hardan.
Yохsa ki, bu bülbül zənguləsindən
Çохları çaşmazdı dal sıralarda.
Bоynu qalstuklu körpə çiçəyim,
sinəndən fışqıran səsin bu aşхam
güclüdür Kоrоğlu nərəsindən də,
güclüdür rakеtlər hədəsindən də!
Köksünə sıхılıb bir еlin ruhu,
Ulduz təbəssümü, çеşmə nəğməsi.
Bir körpə çiyninə yüklənib gələn
Tariхin səsidir, tariхin səsi!
Bеləcə bir səsə söykənir Vətən,
Arхayın-arхayın ölməzliyinə.
Bеləcə bir səsdən asılır Vətən
Yanır başım üstə Günəştək yеnə!..”
*
Bəli, Sabir Rüstəmxanlı imzası yalnız özünü ifadə etməyən, artıq neçə illərdir Azərbaycan xalqının ağrı-acılarını, istiqlal savaşını, üzüntü və uğurlarımızı – sabaha ümidimizi ifadə edən bir imza halına gəlib.
Sabir bəylə neçə illərdir dialoqumuz, salam-sayğımız var. Türk dünyasından qonaqlarımız gəlincə, bizlər türk dövlət və topluluqlarına gedincə, Sabir bəyin özünəxas töhfələri olur: kitablı-dəftərli, süfrəli-könül süfrəli...
Mənim tanıdığım Sabir bəy "bir Xalq şairi necə olmalıdır” sualına cavabı yalnız öz yaradıcılığı ilə deyil, eyni zamanda öz aydınlığı ilə verir.
Həm bir yazar, həm də oxucu olaraq mədəni irsimizə münasibətdə onun canıyananlığını, qədirbilənliyini özəlliklə fərqləndirməliyik.
Ulusun tarixi və gələcəyi qarşısında sorumluluğu ləyaqətlə yaşayıb, layiqincə yazan ustaddır Sabir bəy. Bu planda, "DİFAİ fədailəri”ni, "Ölüm zirvəsi” xatırlamaq yetər...
–Qoy, bu, bizim yazının girişi olsun; indi keçək “Adgünüm”ə. –
Sabir Rüstəmxanlı poeziyası Azərbaycan sözünün dağ yaddaşıdır. Bu poeziyada dağ doğanın relyefi olmaqdan çıxıb, belə deyək, Vətən ruhunun ucalıq ölçüsünə dönüşüb; Rüstəmxanlı poeziyasında (eləcə də nəsrində) bulaq bulaqdan artıq – yaddaşın şəffaf dili; çinarı aşan çinar – qardaşlaşmış zaman obrazıdır. 80 il bundan öncə – 20 may 1946-cı ildə Yardımlıda, Hamarkənddə doğulan şairin 80 illik yubileyi ərəfəsində paylaşdığı, 20 may 2009-cu ildə yazılmış “Ad günüm” şeiri də məhz bu anlamda ömürlə doğanın, insanla ucalığın, şairlə ilkin başlanğıcın görüş törənidir sanki.
Haşiyə: Şair doğulanda, Yardımlının sınırboyu bölgəsi olmasını şərtləndirən Türkmənçay anlaşmasından 118 il, Cümhuriyyətimizin süqutundan 26, siyasi repressiyalardan 9, ll Dünya Savaşından 1 il keçirdi… Stalinin cəhənnəmə vasil olmasına 7, “yenidənqurma”ya 40, dövlət müstəqilliyimizin bərpasına isə… 45 il qalırdı…
Bu arada – SSRİ-nin süquta, dövlət müstəqilliyimizin bərpasına azsaylı illər qalmış… “Gəncə qapısı” (1981), “Sağ ol, ana dilim” (1983), “Qan yaddaşı” (1986) şeir kitabları, habelə ünlü “Ömür kitabı” (1988) yazılacaqdı…
(Haşiyənin sonu)
Şeirin ilk bəndində şair “min il yaşlı, on min il yaşlı sirli bir mahnı”nın ardınca dağlara gəldiyini vurğulayır. Burada zaman bioloji yaşla ölçülmür, bəli; bəli, insanın yaşı təqvimdə, ruhun yaşı yaddaşda, ulusun yaşı isə mahnıda yaşayır. Sabir Rüstəmxanlı öz doğum gününü şəhər təm-tərağından uzaqlarda – dağların sərinlik və dərinliyində qutlayır. Çünki onun poetik dünyasında insanı həyata gətirən həm də torpaq, dağ, bulaq, yol, ormandır...
Bu şeir doğum gününü şəxsi bayramdan çıxarıb kosmik-mənəvi ayinə çevirir. Şair “yalqız, kimsəsiz” gəldiyini desə də, əslində o, ən böyük məclisin içindədir: zirvələr, çinar, bulud, göl, qoca dağ, orman, çəmən, bulaq, yol – hamısı, hamısı onun köhnə dostları deyilmi? Deməli, təklik burada bir seçilmişlik halıdır. Şair insan izdihamından çəkilib varlığın ilkin dostları ilə baş-başa qalır.
“Onsuz da seyrəlir dost məclisləri, Sözlərdə əvvəlki şirinlik hanı?”
misraları şeirin sosial-fəlsəfi qatını açır. Bu, yaşın gətirdiyi nostalgiya olmaqdan ötə, çağın mənəvi seyrəlməsinə şair etirazı kimi gəldi mənə. Dost məclislərinin azalması insan münasibətlərindəki istiliyin, sözlərdəki şirinliyin çəkilməsi ilə paralel verilir. Burada Rüstəmxanlı poeziyasının əsas damarlarından biri görünür: söz mənəvi iqlimdir. Bəli, söz şirinliyini itirəndə dünya da dadını itirir.
Şair “Yalqız zirvələrlə verim baş-başa, Məni onlar atdı burdan həyata” deyərkən dağları öz mənəvi doğum yerinə çevirir. Bu misrada “ana dağ” arxetipi var. Dağ onu dünyaya “atıb” – yəni formalaşdırıb, bərkidib, ucalığa alışdırıb. Sabir Rüstəmxanlının poeziyasında dağ həm milli xarakterin heykəli, həm də şair vicdanının dayaq nöqtəsidir. O, ucalara baxıb soruşur: “Dözə bilirlərmi bu gedişata?!”
Bax, bu, artıq doğaya ünvanlanmış sual sayıla bilməz; bu, zamana ünvanlanıb, zamana... Bəs, dağlar dözürmü? İnsan necə – dözürmü insan? Söz dözürmü, söz özü? Nəhayət, Vətən yaddaşı dözürmü deyirsiz?..
Şeirin ən təsirli obrazlarından biri “çinar qardaş”dır. Şair bir zamanlar adını çinarın köksünə həkk etdiyini xatırlayır və soruşur:
“Bilmirəm ağrısı dərindədirmi?”
Bu misra çox incədir. Gənclikdə ağaca ad yazmaq insanın özünü zamana əmanət etməsi kimidir; nə gizlədim, bizim dağdöşündəki kəndimizdə də vardı belə bir gələnək. Amma illər sonra şair artıq öz adının ağaca verdiyi ağrını düşünür. – Bu, mənə özümdən, öz kəndimdən və Yeddibulaq adlanan ormanımızdan, oradakı irigövdəli fıstıq ağaclarından çox tanışdır. – Bu, insanın yetkinlik məqamıdır: öncə iz qoymaq istəyirsən, sonra qoyduğun izin ağrısını duyursan…
“Salam, çinar qardaş, nəğməm darıxır,
Sənin mahnıların yerindədirmi?” –
bu üztutmada ağacla insan arasında qohumluq yaranır. Burada, türkün möhtəşəm ağac kultuna varmadan deyim, çinarın mahnısı yerindədirsə, deməli, dünya hələ tam dağılmayıb; köklər hələ yaşayır; yaddaş hələ susmayıb. Çinar – türklərdə dövlət nişanı sayılan ağaclardandır.
Şeirin sonrakı bəndlərində doğa məclisə çevrilir: bulud badə olur, göl qədəhə dönür, qoca dağ sağlıq söyləməyə çağırılır.
Mənim böyük adaşım, rəhmətlik Aşıq Əkbər (Cəfərov) 70-ci illərdə “Dedilər”də belə deyirdi:
“…Sancıldım yurduma, göyərdim, bitdim,
Boy atdım, böyüdüm məclisə getdim;
Mən sazı özümə havadar etdim,
Aşıq, bizə çal “Kərəmi” dedilər.” –
Bəli, bu da bir ayrı yazının mövzusudur. – Sabir bəy o yaradıcı aydınlarımızdandır, onun haqqında yazarkən, yalnız onun haqqında yazmış olmuruq; Sabir bəy, rəhmətlik Məmməd Aslan demiş, qala bürcü kimi hər tərəfdən görünür.
Harda qaldıq? – Buludun badə oluşundan, gölün qədəhə dönüşündən, qoca dağın sağlıq söyləməyə çağırışından danışırdıq… –
Bu, klassik Gündoğar poeziyasının mey-məclis gələnəyinin doğa müstəvisində yenidən varoluşudur. Ancaq buradakı sərxoşluq meydən gəlmir – o, ucalıq sərxoşluğudur. Şair “şəkər bulaqlardan keflənəcəyəm” deyəndə doğanın saf dadını şəhərin yorucu ayıqlığına qarşı qoyur…
Haşiyə:
Bu yerdə ustad Xəlil Rza Ulutürkün ünlü şeirini xatırlamaq lap yerinə düşür:
“…Ey dost, sənin sağlığına!
…Şax yeridin öz yolunla, düz yolunla!
Mən heyranam sənin qaya dözümünə, dağlığına.
Dodağıma sıxa-sıxa piyaləni,
İçirəm bu şəlaləni, könlüm, sənin sağlığına!
…Şerimizin xoş taleyi, ağ baxtısan,
Döyüşkənmi deyim sənə, sən döyüşlər paytaxtısan!
Heç bilmirəm əfv elərmi dostlar məni?
Mən ötdüm bu təranəni, bürüyərkən vüqar məni.
Elim-günüm, səsim-ünüm,
Bu qənd-şəkər piyaləni vurdum sənin sağlığına,
Öz sağlığım bəhanədir, yurdum, sənin sağlığına!”
Rüstəmxanlı ilə Ulutürkün ortaq yönləri ululuqdur, Turanlıqdır və bu misraların burada anılması da, çox uyğundur sanıram. Onsuz da, hamımız “Uzun, incə bir yoldayıq”…
(Haşiyənin sonu)
Əslində, “Ad günüm” şeiri üç böyük xətt üzərində qurulub: yaddaş, təklik və yenilənmə.
Yaddaş – çinarın köksündə, dağın nəfəsində, bulağın dadındadır.
Təklik – insanlardan qaçış sayılmazkən, özünə qayıdış sayılmağı haqq edir.
Yenilənmə isə son bənddə tamamlanır:
“Dağlar ad günümə hədiyyə kimi
Ruhumu yenidən cavanlaşdırar.”
Bu iki misra şeirin fəlsəfi açarı olsa gərək. Bədən yaşlanır, dost məclisləri seyrəlir, sözlərin şirinliyi azalır, amma ruh dağla görüşəndə yenidən cavanlaşır. Sabir Rüstəmxanlı burada ömrün qürubundan danışmır, onun danışdığı ruhun təzələnməsidir.
Sabir Rüstəmxanlının 80 illiyi Azərbaycan sözünün, vətəndaş poeziyasının, milli yaddaşın, ucalıq duyğusunun yubileyidir. O, poeziyamıza dağ kimi sərt, çiçək kimi kövrək gəldi – səsi ötkəm, nəfəsi təmiz, sözü köklü, baxışı şəfqətli...
“Ad günüm” isə böyük yolun səmimi, içdən, doğaya söykənən etirafıdır: insan nə qədər uzaqlara getsə də, doğulduğu ucalığa qayıtmalıdır.
Xalq şairinin “Ad günü(m)” və ad günü bizə nə deyir? – Deyir: doğum günü ruhun işığında qutlananda həqiqi bayrama çevrilir. Sabir Rüstəmxanlı da öz ad gününü dağların qədəhi ilə, bulaqların şəkəri ilə, çinarın qardaşlığı ilə, göylərin eşqi ilə qutlayır. Bu, necə də gözəldir!
Ustadın 80 yaşı qutlu olsun!
Salam-sayğılarla,
Əkbər QOŞALI
*
AD GÜNÜM
Bəlkə, min il yaşlı, on min il yaşlı
Sirli bir mahnının ardınca bu gün
Dağlara gəlmişəm yalqız, kimsəsiz
Öz doğum günümü qutlamaq üçün!
Ürək oxuyanın işləri müşkül,
Gözlərdə göz alan dərinlik hanı?
Onsuz da seyrəlir dost məclisləri,
Sözlərdə əvvəlki şirinlik hanı?
Yalqız zirvələrlə verim baş-başa,
Məni onlar atdı burdan həyata.
Görüm ucaların halı necədi,
Dözə bilirlərmi bu gedişata?!
Adımı köksünə həkk eləmişdim,
Bilmirəm ağrısı dərindədirmi? –
Salam, çinar qardaş, nəğməm darıxır,
Sənin mahnıların yerindədirmi?
Əgər yerindəsə, bir ağız oxu,
Ya da sağlıq söylə köklər eşqinə.
Sən də badəyə dön, ay əlçim bulud,
Qaldırım başıma göylər eşqinə!
O göl qədəhini qaldır, qoca dağ,
Nuş elə, olsa da nəfəs kəsəsi.
Mən ömrüm uzunu səni öymüşəm,
Sən də bir ağız de sağlıq əvəzi!
Bu meşə, bu çəmən, bu bulaq, bu yol,
Köhnə dostlarımdı – məclisimdə cəm.
Şəhərin səhəri ayıltdı məni,
Şəkər bulaqlardan keflənəcəyəm!
Elə sehir var ki, bu ucalıqda
Ürəyi dəyişər, vaxtı çaşdırar.
Dağlar ad günümə hədiyyə kimi
Ruhumu yenidən cavanlaşdırar.
(20 may 2009)