Ru
10:57 / 08 Sentyabr 2026

Çində olan yüksəksürətli qatarlardan Azərbaycanda niyə yoxdur? - AÇIQLAMA

Çində olan yüksəksürətli qatarlardan Azərbaycanda niyə yoxdur?  - AÇIQLAMA
Eye

Çində yüksək sürətli qatarlar saatda 300-350 kilometr sürətlə hərəkət etdiyi halda, Azərbaycanda qatarların maksimal sürəti 160 kilometrdir. Bəs yüksəksürətli qatarların Azərbaycanda istifadəsinə nə mane olur?

“Bakupost” xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Anar Əliyevin “YouTube” kanalına müsahibəsində bu məsələyə aydınlıq gətirib.

O, Azərbaycanda qatarların sürətinin niyə daha aşağı olduğunu açıqlayıb.

“Bizdə qatarların sürəti konstruktiv, yəni icazə verilən həddə olur. Qatarın özünün gedə bildiyi sürət saatda 160 kilometrdir. Azərbaycan dəmir yollarında isə bu həddə 140 kilometrə qədər icazə verilir. Bu da təhlükəsizlik və infrastruktur məsələləri ilə bağlıdır. Standartlara əsasən, üç cür sürət anlayışı var: sürət, sürətli və yüksək sürətli. Sürət qatarlarını Abşeron dairəsində görə bilərik. Saatda 90-100 kilometrə qədər hərəkət edən qatarlara sürət qatarları deyirik. Ondan yuxarı sürətlə hərəkət edənlər isə sürətli qatarlar adlanır. Yüksək sürətli qatarlara gəldikdə isə bu, artıq tamamilə başqa infrastruktur tələb edir”, - deyə B.Hacıyev bildirib.

B.Hacıyev qatarlarda sürəti necə daha da artıra bilərik sualını da cavablandırıb:

“Yüksək sürətli qatarlar üçün tamamilə yeni infrastruktur yaradılmalıdır. Bu infrastruktur müvafiq standartlara uyğun olmalıdır. Gördüyümüz relslər və bütün komponentlər dəyişdirilməli, yeni qatarlar alınmalıdır. Bu, uzun illər tələb edən bir məsələdir.
Əlavə olaraq, məsələyə real baxmaq lazımdır. Çünki Çinin bir başından digər başına getmək üçün onların yüksək sürətli qatarlara həqiqətən ehtiyacı var. Tutaq ki, Çində iki stansiya arasındakı məsafə 200 kilometrdir. Bu halda onların həmin sürətə ehtiyacı var ki, mənzil başına daha tez çatsınlar. Azərbaycanda məsafələr nə qədər ola bilər? Məsələn, Qazaxa qədər təxminən 500 kilometr məsafə var. Bizdə əsas tələbat yaranır ki, yeni stansiyalar açılsın. Bu da zaman-zaman həyata keçirilir. Məsələn, 2024-cü ildə Ləki və Ucar üçün dayanacaq verildi, bu il Kürdəmirə, keçən il isə Qazaxda dayanacaq açıldı.

Yəni biz hər şeyin ən yaxşısını istəyirik, amma reallığı da nəzərə almalıyıq”.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar