“Çölçü” Birliyinin qurucusu Eltən Törəçi oxçuluq müəllimi sertifikatı alıb.
Bu barədə
Bakupost.az -a “Çölçü” Birliyindən bildiriblər.
Məlumata görə, martın 2-10-da Yunus Əmrə İnstitutu və Oxçular Vəqfinin “Kamankeş” layihəsi çərçivəsində keçirilən 8-ci Ənənəvi Türk Oxçuluğu müəllimi təliminə qatılan “Çölçü” Birliyi qurucusu Eltən Törəçi proqramı uğurla başa vurub.
Qeyd edək ki, “Kamankeş” layihəsi 2018-ci ildən etibarən hər il keçirilir. Layihə çərçivəsində dünyanın bir çox ölkəsindən 9 min insanın iştirakı ilə ənənəvi türk oxçuluğu kursları düzənlənib. Bu il təşkil edilən kurslara qatılan və gələnəksəl Türk Oxçuluğu müəllimi rəsmi adını alan “Çölçü” Birliyinin qurucusu Eltən Törəçi 2015-ci ildən qədim Türk Oxçuluğu sənətini araşdıraraq, onu dərindən öyrənməyə çalışıb. İllərdir öyrəndiklərini dostları, eləcə də “Çölçü” birliyi üzvləri və birliyin düzənlədiyi çölçü axınlarının iştirakçıları ilə bölüşən Eltən Törəçi Azərbaycanda Türk oxçuluğunun tanıdılması yönündə işlər görüb.
Təsadüfi deyil ki, “Kamankeş” layihəsinə qatılanlar arasında “Çölçü” Birliyinin xanımlarından olan Elnarə Cəbrayılova da Türk oxçuluğu müəllimi sertifikatı alıb.
Qatıldığı kurslarla bağlı öz təəssüratlarını bölüşən Eltən Törəçi Türk oxçuluğunun təbliği yönündə gördüyü işlərin ilk dəfə dəyərləndirildiyini vurğulayıb. O bildirib ki, oxçuluq müəllimi sertifikatı almaq onun üçün böyük anlam daşıyır.
Onu da qeyd edək ki, “Kamankeş” layihəsi çərçivəsində keçirilən 8-ci təlim proqramına 10 ölkədən 16 idmançı qatılıb. İştirakçı ölkələr isə Türkiyə, Azərbaycan, Almaniya, Belçika, Seneqal, Oman, Nigeriya, Misir, Cənubi Afrika Respublikası və İtaliyadır. Bununla da ümumilikdə gələnəksəl Türk Oxçuluğu müəllimi sertifikatı alan idmançıların sayı 185 nəfərə, layihədə iştirak edən ölkələrin sayı isə ümumilikdə 43-ə çatıb.