Ru
14:40 / 31 Avqust 2026

"Çörəkpulu"nu küçədə qazananların nəzərinə: Xüsusi yerlər ayrıla bilər

"Çörəkpulu"nu küçədə qazananların nəzərinə:  Xüsusi yerlər ayrıla bilər
Eye

Bakıda küçə ticarəti problemi hələ də tam həllini tapmayıb. Şəhərin müxtəlif yerlərində, xüsusilə yolların kənarlarında və metro çıxışlarında səkilərin satış üçün tutulduğunu görmək mümkündür.

“Bakupost” xəbər verir ki, bu günlərdə “28 May” Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində bir neçə nöqtədə səliqəsiz küçə ticarətinə rast gəlinib.

Belə ki, satıcıların səkilərdə qurduğu piştaxtalar piyadaların hərəkəti üçün nəzərdə tutulan ərazinin bir hissəsini tutub və onların hərəkətini çətinləşdirib.

Küçə ticarəti ilə bağlı əsas narahatlıqlardan biri də qida təhlükəsizliyidir. Ekspertlərin fikrincə, xüsusilə açıq havada və gigiyenik olmayan şəraitdə meyvə-tərəvəz və digər qida məhsullarının satılması onların çirklənməsinə və insan sağlamlığı üçün təhlükə yaratmasına səbəb ola bilər.

Qeyd edək ki, küçə ticarəti tamamilə qadağan olunan fəaliyyət deyil. Lakin bunun müəyyən edilmiş qaydalar çərçivəsində və müvafiq yerlərdə həyata keçirilməsi tələb olunur. İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına görə inzibati məsuliyyət nəzərdə tutulur.


Bəs vaxtaşırı keçirilən reydlərə baxmayaraq, küçə ticarəti problemi niyə aradan qalxmır? Satıcılarının qanuni fəaliyyət göstərməsi üçün hansı şərait yaradılmalıdır?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, Bakıda küçə ticarətinə yalnız problem və qanunsuzluq kimi yanaşmaq düzgün deyil:

“Əsas məsələ küçə ticarətini tamamilə yığışdırmaq deyil, onu şəhər mühitinə uyğun şəkildə təşkil etmək və satıcılara qanuni fəaliyyət imkanı yaratmaqdır. Çünki küçədə satışla məşğul olan insanların böyük hissəsi mikro və kiçik sahibkarlıq subyektləridir. Onların fəaliyyətinin tamamilə məhdudlaşdırılması həm gəlir imkanlarını azaldır, həm də müəyyən məhsulların istehlakçıya daha əlçatan formada çatdırılmasına mane olur.
Reydlərin problemi kökündən həll etməməsinin əsas səbəbi də budur. Satıcını müəyyən ərazidən uzaqlaşdırmaq mümkündür, amma onun fəaliyyətinə olan iqtisadi ehtiyac aradan qalxmır. Əgər insan küçədə məhsul satmaqla gəlir əldə edirsə və bunun üçün alternativ, münasib qiymətli və əlçatan qanuni satış yeri yoxdursa, reyddən bir müddət sonra yenidən başqa ərazidə satışa çıxacaq. Buna görə yalnız inzibati tədbirlərlə küçə ticarətinin qarşısını almaq mümkün deyil”.

A.Nəsirlinin sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdə küçə satıcılarının tamamilə sıxışdırılması əvəzinə onların leqallaşdırılması və xüsusi zonalarda fəaliyyət göstərməsi modelindən istifadə olunur:

“Məsələn, Hindistan, İndoneziya, Filippin, Kolumbiya və Cənubi Afrikanın müxtəlif şəhərlərində küçə satıcıları üçün xüsusi bazarlar, köşklər və ticarət zonaları yaradılıb. Bu yanaşmada dövlət satıcıya “küçədən get” deməklə kifayətlənmir, ona “qanuni fəaliyyət göstərə biləcəyin yer budur” alternativini təqdim edir.
Bu model Bakıda da tətbiq oluna bilər. İlk növbədə şəhərin müxtəlif ərazilərində, xüsusilə metro stansiyalarının yaxınlığında, nəqliyyat qovşaqlarında və insanların intensiv hərəkət etdiyi yerlərdə küçə ticarəti üçün xüsusi məntəqələr müəyyənləşdirilməlidir. Bu məntəqələr piyadaların hərəkətinə mane olmamalı, avtomobil yollarının təhlükəsizliyini pozmamalı və şəhərin ümumi görünüşünə uyğun olmalıdır”.

Ekspert qeyd edib ki, sözügedən satış məntəqələri sadə və standartlaşdırılmış köşklər formasında yaradıla bilər:

“ Satıcıya müəyyən müddətə həmin yerdən istifadə hüququ verilir, fəaliyyət qeydiyyata alınır və minimal icarə haqqı müəyyən edilir. Burada əsas məqsəd yüksək icarə haqqı hesabına satıcını yenidən qeyri-qanuni fəaliyyətə məcbur etmək yox, onun leqal fəaliyyətini stimullaşdırmaq olmalıdır.
Qanuni küçə ticarəti üçün satıcının qeydiyyatı, satış yerinin müəyyənləşdirilməsi, sanitar tələblərə əməl olunması, satılan məhsulun mənşəyinin və keyfiyyətinin təsdiqlənməsi, tullantıların idarə olunması və təhlükəsizlik qaydalarına riayət edilməsi əsas şərtlər ola bilər. Ərzaq satanlar üçün isə əlavə olaraq soyuducu avadanlıq, gigiyena və məhsulların saxlanması ilə bağlı tələblər müəyyənləşdirilməlidir.
Burada rəqəmsal mexanizmdən də istifadə etmək mümkündür. Məsələn, satıcı elektron qaydada müraciət edir, boş satış yerlərini xəritədə görür, uyğun yeri seçir, fəaliyyətini qeydiyyatdan keçirir və elektron icazə əldə edir. Beləliklə, həm nəzarət asanlaşır, həm də qeyri-rəsmi ödənişlərin və müxtəlif vasitəçilərin qarşısını almaq mümkün olur”.

A.Nəsirli əlavə edib ki, ssas şərtlərdən biri də qiymətlərin münasib olmasıdır:

“ Əgər qanuni satış yerinin icarəsi küçədə qeyri-qanuni satışdan daha baha başa gələcəksə, satıcının leqal sistemə keçməsi üçün motivasiya zəifləyəcək. Ona görə ilkin mərhələdə mikro sahibkarlar üçün güzəştli icarə tarifləri tətbiq edilə, müəyyən kateqoriyalara isə vergi və ya digər inzibati güzəştlər verilə bilər.

Bu yanaşma həm də mikro və kiçik biznesin inkişafına ciddi təkan verə bilər. Küçədə təsadüfi şəkildə məhsul satan insan zamanla qanuni sahibkara çevrilə, vergi ödəyicisi kimi qeydiyyata düşə, bank hesabı və POS-terminal əldə edə, daha sonra fəaliyyətini genişləndirə bilər. Yəni küçə ticarətinin leqallaşdırılması yalnız şəhərin səliqəsinin qorunması məsələsi deyil, həm də kiçik sahibkarlığın inkişafı üçün bir mexanizm ola bilər.

Bakı üçün ən optimal model küçə ticarətinin tamamilə qadağan edilməsi deyil, “nəzarətli və təşkil olunmuş küçə ticarəti” modelidir. Şəhərin mərkəzində və piyadaların intensiv hərəkət etdiyi yerlərdə piyada keçidlərini, səkiləri və metro giriş-çıxışlarını bağlayan satışa yol verilməməlidir. Amma bununla yanaşı, həmin ərazilərin yaxınlığında xüsusi ticarət nöqtələri yaradılmalıdır.
Belə olduqda həm şəhər səliqəsi və piyadaların rahatlığı qorunar, həm də satıcının qazanc əldə etmək hüququ təmin edilər. Əslində məqsəd küçə satıcısını küçədən yox etmək deyil, onu küçənin xaotik hissəsindən çıxarıb qanuni iqtisadi fəaliyyətə cəlb etmək olmalıdır. Bu, inzibati mübarizədən daha davamlı və iqtisadi baxımdan daha səmərəli yanaşmadır”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar