Dağıstanın Novolak rayonunda yerləşən Mutey İsayev adına gimnaziyada poliomielit peyvəndi ətrafında ciddi mübahisə yaranıb. Valideynlərin kütləvi şəkildə peyvənddən imtina etməsindən sonra təxminən 100 şagirdin məktəbə buraxılmadığı bildirilir.
Bakupost.az xəbər verir ki, hadisə barədə məlumatı Rusiyanın Teleqram kanalları yayıb.
Valideynlərin sözlərinə görə, Dağıstanda çoxuşaqlı ailələr geniş yayılıb və bir uşağa peyvənd vurulduqda digər ailə üzvlərinin də peyvənd olunması tələb olunur. Bu səbəbdən valideynlər kütləvi şəkildə peyvənddən imtina edir.
Nəticədə bir çox sinifdə cəmi 5–6 şagird qalıb, digərləri isə “özünütəhsil” rejiminə göndərilib. Valideynlər iddia edir ki, bəzi müəllimlər peyvənd olunmayan uşaqlar üçün əlavə pullu dərslər təklif edir.
Valideynlər qərarın əsassız olduğunu iddia edir, məktəb isə rəsmi göstərişlərə əməl etdiyini deyir.
Məktəbin rəhbərliyinin sözlərinə görə, onlar Səhiyyə Nazirliyinin göstərişlərini yerinə yetirir. Qaydalara əsasən, peyvənd edilməmiş uşaqların izolyasiyası mümkün olmadıqda, onlar 60 gün müddətinə dərslərdən uzaqlaşdırılmalıdır.
Məktəbin məlumatına görə, təhsil ocağında ümumilikdə 518 şagird təhsil alır və onlardan 100 nəfəri dərslərdən kənarlaşdırılıb. Pullu dərslərin keçirildiyini inkar edən rəhbərlik şagirdlər “Max” adlı rəqəmsal platforma üzərindən onlayn təhsil aldığını bildirib.
Cavid, BakuPost