Ru
17:58 / 18 Fevral 2026

Daşlaşmış vərdişlərdən xilas modeli – İqtisadçıdan büdcə nəzarəti ilə bağlı optimist açıqlama

Daşlaşmış vərdişlərdən xilas modeli – İqtisadçıdan büdcə nəzarəti ilə bağlı optimist açıqlama
Eye

Hesablama Palatası Azərbaycanda dövlət sektorunda yeni – yuxarıdan aşağı planlaşdırma metoduna keçidin zəruri olduğunu açıqlayıb.

Qurumdan bildirilib ki, yeni model ənənəvi sifariş əsaslı büdcə yanaşmasından fərqli olaraq xərclərin sadəcə bölgüsünə deyil, strateji məqsədlərə və nəticə göstəricilərinə əsaslanır. Bu yanaşma dövlət qurumlarından yalnız xərclərin icrasını deyil, eyni zamanda nəticələrin planlaşdırılmasını və ölçülməsini tələb edir.

Təhlillərə görə, bəzi dövlət qurumları əvvəlki idarəetmə vərdişlərinin təsiri səbəbindən yeni metodun tətbiqində çətinlik çəkir.

Bəs, dövlət qurumlarının yeni modelə keçiddə üzləşdiyi əsas çətinliklər nələrdir və bu dəyişiklik dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə real təsir göstərə biləcəkmi?

Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, köhnə modeldə dövlət qurumları əvvəlki ilin xərclərini əsas götürərək növbəti il üçün büdcə təklifləri formalaşdırırdılar. Yeni yanaşmada isə prioritetlər əvvəlcədən müəyyən edilir və resurs bölgüsü həmin məqsədlərə uyğun aparılır:

“Çünki bu metodun mahiyyəti fərqlidir. Burada məsələ ondan ibarətdir ki, dövlətin prioritetləri və strateji məqsədləri əvvəlcə mərkəzi qaydada müəyyən olunacaq. Sonra isə bu prioritet və məqsədlərə çatmaq üçün lazım olan büdcə müzakirə olunacaq. Nə qədər vəsaitin ayrılması hesabına bu məqsədlərə çatmaq olar? Bu suallara cavab tapandan sonra artıq resurs bölgüsü aparılacaq”.

İqtisadçının sözlərinə görə, yeni modelə keçiddə ən böyük problemlərdən biri illərlə formalaşmış və daşlaşmış idarəetmə vərdişləridir:

“Yəni qurumundan, idarəçisindən asılı olmayaraq bir insan olaraq uzunmüddətli oxşar davranışlar sərgiləyəndə bu artıq vərdişə çevrilir. Buna görə də bu tip xərclərin icrasına fokuslananda artıq effektiv idarəetmə prosesi ilə bağlı müəyyən suallar yaranır, risklər artır”.

İqtisadçı əlavə edib ki, ümumi nəzəriyyədə digər mühüm problem strateji planlaşdırma bacarıqlarının məhdudluğudur:

“Bu tip modelin dəyişməsi zamanı daşlaşmış vərdişlərdən sonra strateji planlaşdırma bacarıqlarının məhdudluğu əsas çətinlikləri formalaşdırır. Çünki nəticə əsaslı modeldə bacarıq indikatorları doğru müəyyən edilməlidir. Bir çox qurumda isə bilavasitə nəticə indikatorlarının qurulma metodologiyası zəif inkişaf etdiyindən bu bir qədər çətin görünür”.

E.Əmirov bildirib ki, keyfiyyətli məlumat bazasının olmaması da yeni modelin tətbiqini çətinləşdirən əsas amillər sırasındadır:

“Çünki modelin formalaşması üçün məlumat bazası keyfiyyətli, analitik alətlər, ümumi informasiya sistemi mükəmməl olmalıdır ki, bu uğurla tətbiq olunsun.

Digər bir məsələ koordinasiya istiqamətindədir. Düşünürəm ki, hətta bir qurumun strateji hədəfini müəyyən etməsi üçün digərləri ilə qarşılıqlı fəaliyyəti mütləqdir. Bu zaman artıq digər qurumlar da adekvat olaraq buna peşəkar məlumatlar təqdim etməlidir. Yəni proses institusional səviyyədə koordinasiya şəraitində keçməlidir. İnstitusional koordinasiya zəif olduqda bu modelin effektivliyi azalacaqdır”.

İqtisadçı vurğulayıb ki, yeni planlaşdırma yanaşması dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə ciddi təsir göstərə bilər.

“Beynəlxalq təsisatlarının, o cümlədən Dünya Bankının araşdırmalarında bununla bağlı real təsdiqlər var ki, burada bilavasitə ciddi təsirlər müşahidə olunur”.

E.Əmirovun sözlərinə görə, bu təsir bir neçə istiqamətdə özünü göstərəcək:

“Birincisi, resursların prioritet istiqamətlərə yönəldilməsi ilə bu səmərəlilik öz təsirini göstərəcək. Bundan başqa, effekt verməyən proqramlar var ki, onların identifikasiyası mümkün olacaq. Digər tərəfdən isə dövlət proqramlarının optimallaşdırılması qarşıdakı illərdə mümkündür. Çünki bu modelə keçidlə optimallaşma üçün əsas yaranacaq.

Həm də düşünürəm ki, yeni model hesabatlılığı və şəffaflığı da artıracaq. Bunun üçün müəyyən mexanizmlər mövcuddur: Büdcənin formatı, açıq performans hesabatları, ölçülə bilən nəticə indikatorları, orta müddətli xərc çərçivəsi. Bunlar bilavasitə dövlət xərclərinin həm şəffaflığı, həm də hesabatlılığı artırılır.
Sözügedən modeldə yuxarıda qeyd etdiyim mexanizmlərin təkmilləşdirilməsi və bəzilərinin yenidən qurulması mümkün olacaq”.

İqtisadçı sonda qeyd edib ki, model düzgün və koordinasiyalı şəkildə tətbiq olunarsa, bu, təkcə büdcə idarəçiliyinin deyil, ümumilikdə dövlət sektorunda real nəticələrin əldə edilməsinə mühüm töhfə verə bilər.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar