Türkiyənin Xarici işlər naziri Hakan Fidan Dəməşqdə Suriya Prezidenti Əhməd əl-Şara ilə görüşüb.
“Bakupost” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Lakin danışıqların təfərrüatları açıqlanmayıb.
H.Fidan bildirib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan tezliklə Suriyaya səfər edə bilər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
Elxan Şahinoğlu “Bakupost”a bildirib ki, Hakan Fidanın səfəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya gözlənilən səfərilə bağlıdır:
“Bu səfərlə bağlı proqram hazırlanmalıdır. Suriyada hakimkiyyət dəyişikliyindən sonra Ərdoğan bu ölkəyə səfər etməyib. Ona görə də səfər üçün mükəmməl proqram hazırlanmalıdır”.
Ekspertin sözlərinə görə, həmin səfər fonunda tərəflər arasında hansısa sazişlərin imzalanacağı da istisna deyil:
“Ərdoğanın səfəri ilə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişlənməsi, Suriyanın yenidən qurulmasında Türkiyənin oynadığı mühüm rolunun davam etdirilməsi, hərbi sahədə əməkdaşlığın genişləndirilməsi kimi məsələlər ətrafında geniş müzakirələr ola bilər. Suriyanın həm ordunu inkişaf etdirmək, həm də yeni hərbi texnikalara ehtiyacı var. Bu istiqamətlərdə Ankara Dəməşqə dəstək verəcək”.
Suriyada Türkiyənin hərbi bazası məsələsinə gəldikdə, müsahibimiz hesab edir ki, ola bilsin həmin istiqamətdə də müəyyən fəaliyyət aparılacaq.
Digər tərəfdən, mərkəz rəhbəri qeyd edir ki, təhlükəsizlik məsələləri də həll olunmalıdır: “Baxmayaraq ki, Suriyanın yeni hökuməti müəyyən təhlükəsizlik tədbirləri görüb, amma hələ də ölkədə müəyyən təxribatçı qruplar qalmaqdadır. Həmçinin, İsrailin də Suriyada fəaliyyəti davam edir. Hakan Fidanın səfəri fonunda böyük ehtimalla həm Ərdoğanın səfəri üçün mükəmməl proqram hazırlanacaq, həm də təhlükəsizlik məsələləri həll olunacaq”.
Rüfət Sultan,
BakuPost