Almaniyanın sabiq kansleri Angela Merkel 2027-ci ildə keçiriləcək federal prezident seçkilərində namizəd olacağı ilə bağlı iddiaları qəti şəkildə təkzib edib. Merkelin ofisindən verilən açıqlamada qeyd olunur ki, bu istiqamətdə aparılan müzakirələr və iddialar “tamamilə yersizdir”.
Bakupost.az xəbər verir ki, “Tagesspiegel” nəşrinin sorğusuna cavab verən Merkelin sözçüsü bildirib ki, sabiq kanslerin Almaniya Federativ Respublikasının prezidenti postuna namizədliyi nəzərdə tutulmur.
Daha əvvəl “Bild” qəzeti Xristian-Demokrat İttifaqının rəhbərliyində Yaşıllar Partiyasının Merkelin prezidentliyə namizəd göstərilə biləcəyi ehtimalı ilə bağlı narahatlıqların mövcud olduğunu yazmışdı.
İndiyədək səlahiyyət müddəti başa çatan heç bir federal kansler federal prezident vəzifəsinə keçməyib. Bu səbəbdən Angela Merkelin adının gündəmə gəlməsi Almaniya siyasi dairələrində diqqət çəkib.
2027-ci ilin əvvəlində toplanacaq Federal Assambleya hazırkı prezident Frank-Valter Ştaynmayerin yerinə keçəcək yeni dövlət başçısını seçəcək.
Gözləntilərə görə, Birlik partiyaları Federal Assambleyada ən böyük təmsilçiliyə malik olacaq.
Eyni zamanda Almaniyada vaxtaşırı ilk qadın dövlət başçısının seçilməsi ilə bağlı çağırışlar da səslənir. Vəzifədə olarkən “dəmir kansler” ləqəbini qazanan Angela Merkelin adı bu kontekstdə də hallanır. Sabiq baş nazirin ofisindən bununla bağlı açıqlama verilsə də spekulyasiyalar hər gün daha da genişlənir.
Cavid, BakuPost