“İlqarı evdən çölə çıxartdığıma görə peşmanam, hər il 20 Yanvar günü eyni ağrını yenidən yaşayıram”.
Bakupost.az xəbər verir ki, bu sözləri 20 Yanvar faciəsinin şahidi Zakir Qurbanov Baku TV-yə müsahibəsində deyib. O, dostunun ölümünə görə özünü günahkar saydığını bildirib.
Z.Qurbanovun sözlərinə görə, faciənin baş verdiyi gün dostları İlqar və Pərvizlə birlikdə "Zaporojets" markalı avtomobillə əraziyə odun aparmaq üçün yola çıxıblar.
Şahid bildirib ki, odun yığarkən tanışları Nazim də avtomobillə gəlib və onları "Qələbə dairəsi" istiqamətinə aparmağa razılaşıb. Yolda olarkən gördükləri qırmızı işıqları əvvəlcə fişəng zənn etsələr də, daha sonra bunun işıqsaçan güllə olduğunu anlayıblar.
"Qələbə dairəsi"nə yaxınlaşanda tankın yük maşınını əzdiyini görüblər. Bir qədər sonra isə tank onların avtomobilinə tərəf yönəlib. Təhlükəni hiss edən Zakir Qurbanov maşından atılıb, dostları da düşməyə çalışıblar.
Tank avtomobilin üzərindən keçsə də, onlar möcüzə nəticəsində sağ qalıblar. Onlar hadisədən sonra qaçaraq ərazidən uzaqlaşmağa çalışıblar. Bu zaman atəş yenidən intensivləşib. Zakir İlqarın ayaqlarının bir-birinə dolaşdığını görərək onu qucaqlayıb və əlləri gödəkçəsinin üzərindəki qana dəyib.
Şahid bildirib ki, təsadüfən yoldan keçən "QAZ-24" markalı avtomobil onları götürərək "Semaşko" xəstəxanasına aparıb. Bir az sonra isə İlqarın həyatını itirdiyi məlum olub.