Vəhdət Partiyasının təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə keçirilən görüşdə türkoloq alim, professor, azadlıq hərəkatının iştirakçısı Firudin Ağasıoğlu çıxışında 20 yanvar faciəsindən sonra baş verən siyasi proseslərlə bağlı danışarkən maraqlı məqama toxunub. “Həmin vaxt hadisələrin araşdırılması üzrə komissiyanın hesabatında səbəbkarlar qismində Mixail Qorbaçov, Dmitri Yazov və Yevgeni Primakovun adını yazmışdıq. Amma sonra hesabatdan Primakovun adı çıxarıldı, necə olduğunu da bilmədik” deyə, o bildirib.
Yevgeni Primakov (1929–2015) 1990-cı ildə SSRİ hökumətində Bakı əməliyyatına birbaşa rəhbərlik edən şəxs deyildi. O, həmin dövrdə SSRİ Xarici Kəşfiyyat Xidmətinə (1989–1991-ci illərdə) rəhbərlik edib. Dolayısı ilə Primakov Sovet rəhbərliyində xarici siyasət və təhlükəsizlik məsələləri ilə bağlı tövsiyələr verə bilərdi. Qeyd edək ki, Sovet İttifaqı dağılandan sonra Primakov Rusiyanın baş naziri və xarici işlər naziri olub.
Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, məsələ ilə bağlı xalq hərəkatının liderlərindən olan sabiq baş nazir Pənah Hüseyn Yevgeni Primakovun adının 20 Yanvar faciəsinin günahkarları siyahısında olmadığını bildirib:
“Çünki 1994-cü ilin yanvarında Azərbaycan parlamenti 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən sənəd qəbul edərkən Primakovun adı məsuliyyət daşıyan vəzifəli şəxslər siyahısından çıxarılıb və yalnız müəyyən sovet rəhbərlərinin adları həmin sənədə daxil edilib. 1990-cı ildə hadisələrin araşdırılması üzrə deputat-istintaq komissiyasının hesabatında isə 20 Yanvar faciəsinin səbəbkarları və məsuliyyət daşıyan şəxslər sırasında səbəbkarlar qismində Yevgeni Primakovun adı var idi”.