Ru
13:00 / 22 İyun 2026

Dübəndi çimərliyi dəhşətli vəziyyətdə: Quşlar da ölür, balıqlar da - VİDEO

Dübəndi çimərliyi dəhşətli vəziyyətdə:  Quşlar da ölür, balıqlar da - VİDEO
Eye

Xəzər dənizində ekoloji problemlər və çirklənmə halları son dövrlərdə diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Xüsusilə neft məhsulları ilə çirklənmənin dənizdə aerasiya prosesinin ciddi şəkildə pozulmasına, eləcə də fauna və floranın məhv olmasına səbəb olan əsas amillərdən biri kimi göstərilir. Ötən günlərdən birində Dübəndi çimərliyi ərazisində qeydə alınan neftlə çirklənmə hadisəsi də bu baxımdan diqqət çəkir. Belə ki, aparılan nəzarətli diaqnostik yoxlama nəticəsində çirklənmə mənbəyinin “Azneft” İstehsalat Birliyinə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib.
Mənbə dəqiqləşdirildikdən dərhal sonra həmin kəmər üzrə neft nəqli dayandırılıb və zədələnmiş hissədə təmir-bərpa işlərinə başlanılıb.

Mövzu ilə bağlı Bakupost.az -a danışaq ekoloq Sadiq Həsənov bildirib ki, bu hadisənin Xəzər dənizi üçün çox böyük təsirləri var. Onun sözlərinə görə, təsirlər bir neçə istiqamətdə özünü göstərir:

“Məsələn, neft karbohidrogen məhsulu olduğuna görə, ilk növbədə dənizin səthində üzən quşlar, məməlilər və digər dəniz canlıları ciddi şəkildə zəhərlənir. Onlar neftə bulaşır, nəticədə atmosferlə əlaqələri kəsilir və bu da onların məhvinə gətirib çıxarır. Dəniz quşları uça bilmir və tələf olur. Suitilər isə neftlə çirkləndiklərinə görə nəfəs almaqda çətinlik çəkir, onların hərəkət qabiliyyəti zəifləyir və nəticədə məhv ola bilirlər”.

S.Həsənov qeyd edib ki, ikinci istiqamətdə təsir balıqlara və digər su canlılarına aiddir:

“Onların qəlsəmələri neftlə dolur, nəticədə nəfəs ala bilmirlər və ölürlər. Bu isə çox böyük həcmdə balıqların zəhərlənməsinə və məhvinə səbəb olur. Xüsusilə kürü tökmə dövründə bu təsir daha da ağır olur.

Üçüncü istiqamət dəniz dibi canlıları ilə bağlıdır. Məlumdur ki, dənizin dibində planktonlar yaşayır. Neftin ağır hissəcikləri dibə çökərək planktonların üzərini örtür. Nəticədə planktonlar, molyuskalar, dəniz ulduzları kimi dib canlıları məhv olur. Bu da qida zəncirinin pozulmasına və balıqların yem bazasının azalmasına gətirib çıxarır.

Bundan əlavə, neft günəş işığının suya keçməsinin qarşısını alır. Bu səbəbdən fotosintez prosesi pozulur, canlılar günəş enerjisini qəbul edə bilmir və nəticədə məhv olurlar. Eyni zamanda, su ilə atmosfer arasında qaz mübadiləsi zəifləyir, oksigenin suya daxil olması azalır. Bu da dəniz bioresurslarının oksigen çatışmazlığı ilə üzləşməsinə səbəb olur”.

Ekoloq vurğulayıb ki, belə çirklənmə insanlar üçün də yüksək risk yaradır:

“Neft karbon və hidrogen birləşməsidir. Günəşin təsiri ilə parçalanaraq karbon qazı, azot oksidləri və tərkibində kükürd olduqda kükürd qazı əmələ gətirir. Bu qazlar havanı çirkləndirir və zəhərləyir. Nəfəsalma zamanı insan zəhərlənə bilər. Əgər neft insanın paltarına bulaşarsa, dərhal dəyişdirilməlidir. Bədənə bulaşdıqda isə dərinin zədələnməsi və nəfəsalma problemləri yaranar”.

Lalə Novruz,
BakuPost

" target="_blank">

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar