Odessa Vilayət Dövlət Arxivində keçmiş nazir Əbülfəs Qarayevin babası, Odessadakı Novorossiya Universitetinin Tibb fakültəsini bitirmiş Əbülfəzl Fərəcullah oğlu Hacıqarayevin (1884-1952) tələbə şəxsi işi saxlanılır.
Bakupost.az xəbər verir ki, bu barədə tarixçi professor Ədalət Tahirzadə qeyd edib.
“Buradakı sənədlərdən aydınlaşır ki, onun atası 1893-cü il doğumlu Fərəcullah Hacı Qara oğludur. Əbülfəzl Qarayevin ilkin sənədlərinin, demək olar ki, hamısında onun soyadı “HACI-QARAYEV” yazılıb (sənədlərin surətləri aşağıdakı linkdə). Əlbəttə, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsərindən sonra özlərini “Hacıqarayev” adlandırmağa utanan Əbülfəzl və övladları özlərini sadəcə “Qarayev” adlandırıblar.
Soyadlarına “Hacı Qara” adını rəva görməyənlər, bundan utananlar bir millətin klassikini ləkələməkdən utanmadılar”, - o yazıb.
Xatırladaq ki, son günlər sabir nazir Əbülfəs Qarayev qızı Suad Qaranın çəkdiyi "Məhsəti" filmi ilə bağlı müzakirələrdən sonra yenidən gündəmə gəlib.
Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) nəzdindəki Bədii Şura “Məhsəti” qısametrajlı bədii filminin nümayişini məqsədəuyğun hesab etməyib. Qeyd edilib ki, rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir.