Yaxın Şərqdə yeni hərbi koalisiya yaradıla bilər.
Səudiyyə Ərəbistanı Qırmızı dənizdə husilərin Bab əl-Məndəb boğazından gəmiçiliyi məhdudlaşdırmaq cəhdlərinə qarşı çıxmaq məqsədilə yeni çoxmillətli hərbi koalisiyanın yaradılmasına çalışır.
Bakupost.az xəbər verir ki, koalisiyanın qərargahının Səudiyyə Ərəbistanının komandanlığı altında Ər-Riyadda yerləşməsi planlaşdırılır.
Yeni quruma ABŞ, Misir, Pakistan, Türkiyə, Qətər, Bəhreyn, Küveyt, Cibuti, Somali və Sudan da daxil olmaqla, təxminən 50 ölkə dəvət olunub.
Bu arada ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının Müdafiə naziri Xalid bin Salmanla görüşüb.
Görüşdə İranla münaqişə müzakirə edilib.
Məlumata görə, nazir Trampa Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun İranla müharibə və regionda gərginləşmə ilə bağlı mesajını çatdırıb. Amma bu mesajın məzmunu bəlli deyil.
Siyasi şərhçi Rufiz Hafizoğlu
Bakupost.az-a bildirib ki, Səudiyyə Ərəbistanının belə bir koalisiya qurmaqda məqsədi husi təhlükəsinə qarşı mübarizədir:
“Əl-Riyadın husilərə qarşı koalisiyası yeni deyil. Daha öncə də bənzər koalisiya vardı və Türkiyə daxil bir çox Körfəz ölkələri qoşulmuşdu. Husi təhlükəsini ilk olaraq gündəmə gətirən məhz Əl-Riyad olub. Amma təəssüf ki, Səudiyyənin bu mövzuda o zamankı çağırışları Vaşinqton tərəfindən qəbul edilmədi. Belə bir koalisiyanın yaradılması məsələsi Səudiyyə Ərəbistanındakı müqəddəs məkanların, Mədinə və Məkkənin, neft obyektlərinin husilər tərəfindən hərbi hədəfə çevrilməsinə cavab olaraq gündəmə gətirilib. Bu istiqamətdə Əl-Riyadın ilk təşəbbüsü uğursuz oldu. Nəticədə Livanda ciddi humanitar faciə yaşandı”.
Ekspert qeyd edir ki, sözügedən koalisiya məsələsi ilk gündəmə gələn dövrdə İran indiki vəziyyətdə deyildi:
“O zaman Suriya da İranın nəzarətində idi. Livanda “Hizbullah” bu günki rəzil vəziyyətə düşməmişdi. HƏMAS faktoru da qalırdı. İranın özündə isə sözü qılıncdan kəsərli olan Ali dini lider vardı. Bu gün isə vəziyyət daha fərqlidir. İran hazırda zəifləməyə doğru gedir. Ölkə iqtisadiyyatı tənəzzülə uğramaqdadır”.
Bununla yanaşı, müsahibimiz Əl-Riyadın hərbi koalisiya təklifini riskli hesab edir:
“Bu koalisiya əslində Səudiyyə və qonşu ölkələri dolayı yolla İranla hərbi münaqişəyə cəlb etməyə hesablanmış ilk addım hesab edilə bilər. Bu qonşu Körfəz ölkələri, eləcə də Türkiyənin açıq şəkildə münaqişəyə qoşulmasına gətirib çıxara bilər”.
R. Hafizoğlunun fikrincə, İranın husilər vasitəsilə Bab əl-Məndəb boğazına nəzarət etmək və yaxud Qırmızı dəniz üzərində mübarizəsi uğursuz olacaq:
“Gec-tez onun resursları tükənəcək”.
Rüfət Sultan,
BakuPost