Ru
23:39 / 31 İyul 2021

Eldəniz Səlimovun polisi döyməsi olayının üzə çıxardığı həqiqət

4875


Xaçmaz rayonundan deputat seçilmiş Eldəniz Səlimovun Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşına qarşı tətbiq etdiyi zorakılıq ətrafında baş verənlər çox mühüm həqiqəti ortaya çıxardı. Bəlli odu ki, Azərbaycan hüquqi dövlət quruculuğu prosesində əhəmiyyətli bir yol keçib.

Hüquqi dövlət anlayışı nədir?

Termin Almaniyada formalaşıb, ancaq bu terminin hazırda əhatə etdiyi anlayışın yaranmasının səbəbi Fransadır. Bütövlükdə demokratik dəyərləri özündə ehtiva edən “hüquqi dövlət” məfhumu hüququn ölkədə aliliyindən tutmuş, dövlətin vətəndaş və vətəndaşın dövlət qarşısında öhdəlikləri, qarşılıqlı məsuliyyət də daxil olmaqla, dövlətin yalnız qanunlarla idarə edilməsini özündə əks etdirir.

Prezident İlham Əliyevin vaxtaşırı olaraq istifadə etdiyi “toxunulmaz şəxs yoxdur” fikri əslində hüquqi dövlət anlayışının təməlində durur. Mənsəbindən, sosial-ictimai statusundan asılı olmayaraq, hər kəs hüququn aliliyini qorumalı və hüquq qarşısında məsuliyyət daşımalıdır.

Deputat Eldəniz Səlimova Azərbaycan Konstitusiyası və qanunvericiliyi xüsusi toxunulmazlıq hüququ verir və sosial şəbəkələrdə neçə gündür müzakirə edilən məsələlərdən biri də budur. Bəziləri iddia edir ki, deputatın toxunulmazlıq hüququ olmamalıdır və hüququn aliliyinin təmini üçün bu sədd aradan qaldırılmalıdır.



Əslində isə deputat toxunulmazlığı – hüququn aliliyinin təmini üçün vacibdir. Deputatlar Milli Məclisin plenar iclasında dedikləri sözlərə görə hüquqi məsuliyyət daşımırlar, toxunulmazdırlar və dövlət onların qarşısında bu öhdəliklərini yerinə yetirir.

Deputatlara bu imkanlar demokratiyanın təmini, fikir plüralizmi, söz və insan azadlığı üçün verilib. Deputat bu imtiyazlarından hansısa problemlərin ən sərt şəkildə qanunverici orqanda qaldırmaq, onun həllini tələb etmək, eyni zamanda hökumətin fəaliyyətində narazı qaldığı məqamları açıq şəkildə demək, yerlərdə seçicilərinin hüquqlarını müdafiə etmək, onlarla birgə addımlar atmaq üşün istifadə etməlidir. Ancaq deputat toxunulmazlığı bir şəxsin, İlham Əliyevin dediyi kimi, toxunulmaz olması anlamına gəlmir.



Eldəniz Səlimov nümunəsində görürük ki, onun bu səlahiyyəti, toxunulmazlıq hüququ etdiyi əməlin hüquqi qiymətləndirilməsində və prokurorluq orqanlarının qanunvericiliyə uyğun istintaq hərəkətləri aparmasında ciddi problem yaradır. Buna görə də Baş prokuror Milli Məclisə E.Səlimovun deputat toxunulmazlığının əlindən alınması üçün müraciət etdi.

Baş prokuror bütün ilkin dəlil-sübutları Milli Məclisə göndərir və deputatın istintaqa cəlb edilməsi üçün şərait yaradılmasını xahiş edir.

Qanunvericiliyə görə, Milli Məclis deputatları məzuniyyətdədir və plenar iclaslar keçirilmir. Ona görə də proses ən azı iki aya yaxın uzana bilərdi.



Ancaq qanunvericilik bu fors-major halları da nəzərdə tutur. Milli Məclis deputatlarının 3/1-nin müraciəti əsasında Milli Məslisin növbədənkənar plenar iclasının spiker çağırmağa məcburdur. Azərbaycan parlamentində 125 deputat var və 42 deputatın müraciəti növbədənkənar iclasın çağırılması üçün kifayətdir. Ancaq biz artıq bilirik ki, növbədənkənar iclas üçün 55 deputat müraciət edib.

Bu, Milli Məclis üzvlərinin məsələyə operativ reaksiyası olmaqla bərabər, qanunverici orqan təmsilçilərindən gözlənilən bir yanaşmadır. Yəni Eldəniz Səlimovla bağlı qanunun aliliyinin təmin edilməsi istiqamətində proseslərin ən qısa müddətdə icrası üçün onun deputat həmkarları da təşəbbüs göstərirlər.

Deputatın əməlinin 3 avqustda plenar iclasda müzakirəsindən öncə isə MM-in İntizam Komitəsi bununla bağlı rəy verəcək.

Beləliklə, deputat toxunulmazlıq hüququndan sui-istifadə edərsə, onunla bağlı heç bir güzəşt yoxdur və ola da bilməz.
Bu fakt Azərbaycandan hüquqi dövlət kimi bəhs etməyə imkan tanıyır.

Hüquqi dövlətdə sivil toplumun rolu

İctimai institutlar, sivil toplum – yəni vətəndaş cəmiyyəti institutlarının, ələlxüsus medianın hüquqi dövlət quruculuğu və onun əsaslarının qorunmasında xidmətləri misilsizdir. Təsadüfü deyil ki, qanunun aliliyinin qorunmasında Prezident İlham Əliyev hər zaman medianın “köməkçilərim” adlandırır.

İyulun 28-dən 29-na keçən gecə, Xaçmazdakı “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun polis nəfərinə qarşı zorakılıq faktını da ilk olaraq media - Bakupost işıqlandırdı. Medianın bu olayı gündəmə gətirməsi ilə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən millət vəkillərinin kəskin reaksiyaları ən qısa müddətdə bütün informasiya məkanını bürüdü və Daxili İşlər Nazirliyi anında məsələyə reaksiya verərək, araşdırmalara başladı. 

Cəmi bir gün sonra – 30 iyulda isə Baş Prokurorluq faktla bağlı DİN-in müraciəti əsasında istintaq başlatdı və rəsmi açıqlama yayaraq, olaya hüquqi qiymət verdi. Elə həmin gün Baş prokurorun Milli Məclisə instintaqın obyektiv araşdırılması və istintaqa cəlbi üçün Eldəniz Səlimovun deputat toxunulmazlığından məhrum etməsini xahiş edən müraciəti isə ümumilikdə hüquq-mühafizə orqanlarının hüququn aliliyini təmin etməkdə necə israrlı olduqlarının göstəricisidir.



Bu, həm də o deməkdir ki, Azərbaycan hakimiyyəti “ictimai nəzarət” məsələsini söz kimi istifadə etmir, bu, dövlət siyasətinin tərkib hissəsidir. Başqa sözlə desək, hüquqi dövlət quruculuğu hakimiyyətin siyasi iradəsidir, sadəcə, bu prosesin icrası üçün ictimai nəzarət mütləqdir.

İctimai nəzarət, vətəndaş məsuliyyəti hüquqi dövlət quruculuğunda əsas meyarlar sırasındadır. Ən başlıcası isə bu dəyərlərin dövlət hakimiyyətinin üstqurumu tərəfindən himayəsidir.

Azərbaycanda bu dəyərlər ən yüksək səviyyədə himayə olunur və hüququn aliliyinin qorunması üçün verilən siyasi qərarlar yalnız qanunvericiliyin tətbiqinin genişlənməsinə xidmət edir. Belə cəmiyyətlərdə artıq “xalq-hakimiyyət” birliyi formalaşır ki, bu da cəmiyyətin ayrı-ayrı fərdlərinin, o cümlədən səlahiyyət sahiblərinin qanunun aliliyi qarşısında hesabatlılığını aktuallaşdırır.

Elnur Niftəliyev
Baku Post

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;” mövzusunda hazırlanmışdır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər