Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Azərbaycanla birgə yürüdülən sülh siyasətini “çox müsbət” dəyərləndirdiyini bildirib.
Bakupost.az erməni mediasına istinadən xəbər verir ki, Simonyan fevralın 10-da keçirdiyi brifinqdə jurnalistlərin əsirlər məsələsi ilə bağlı sualını cavablandırarkən qeyd edib ki, bu istiqamətdə aparılan işlər ictimaiyyətə açıq şəkildə açıqlanmasa da, proses fasiləsiz davam edir.
Onun sözlərinə görə, konkret nəticələr də var:
“Bu barədə açıq danışılmır, lakin iş davam edir. Müəyyən insanlar geri qaytarılır. Strategiyada heç nə dəyişməyib”, – deyə Ermənistan parlamentinin sədri vurğulayıb.
Simonyan əlavə edib ki, Azərbaycanla sülh gündəliyi davam edəcəyi təqdirdə iki ölkə arasında ciddi problemlər yaranmayacaq. O, mövcud siyasətin regionda sabitliyin qorunmasına xidmət etdiyini qeyd edib.
Qeyd edək ki, rəsmi İrəvandan bu cür açıqlamalar son dövrlər Azərbaycan–Ermənistan münasibətlərində sülh sazişi ətrafında müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.
Cavid, BakuPost