Ru
15:10 / 11 Avqust 2026

Etnik təxribatları necə aşkar edək? - RƏYLƏR

Etnik təxribatları necə aşkar edək? - RƏYLƏR
Eye

Müasir informasiya mühitində sosial şəbəkələr və rəqəmsal platformalar həm də ictimai rəyə təsir göstərən əsas informasiya məkanlarından birinə çevrilib. İnternetin təqdim etdiyi geniş imkanlarla yanaşı, dezinformasiya, saxta məlumatlar və etnik zəmində qarşıdurma yaratmağa yönəlmiş informasiya təxribatları da qlobal çağırışlardan biri kimi aktuallaşıb. Belə təxribatların əsas məqsədi cəmiyyətdə etimadsızlıq yaratmaq, müxtəlif etnik və dini qruplar arasında qarşıdurmanı təşviq etmək, dövlətlərin multikultural dəyərlərinə zərbə vurmaqdır. Bu baxımdan etnik təxribatların erkən aşkar edilməsi yalnız dövlət qurumlarının deyil, media nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının, milli icmaların və sosial media istifadəçilərinin də əsas vəzifəsi olmalıdır.

Mövzu ilə bağlı müxtəlif milli-mədəni və dini icmaların nümayəndələrinin fikirləri göstərir ki, dezinformasiyaya qarşı effektiv mübarizənin əsas yolu informasiya savadlılığının artırılması, peşəkar media fəaliyyətinin gücləndirilməsi və ictimai maarifləndirmənin genişləndirilməsindən keçir.

"Dodo" qəzetinin baş redaktoru, talış icmasından İradə Məlikova hesab edir ki, sosial şəbəkələr milli icmalara öz auditoriyasına birbaşa çıxış imkanı yaratsa da, nəzarətsiz informasiya axını etnik təxribatların yaranması və yayılması üçün də münbit şərait yarada bilir. Onun sözlərinə görə, milli mövzuların qeyri-peşəkar və ya qərəzli şəkildə təqdim edilməsi cəmiyyətdə yanlış təsəvvürlər formalaşdırır: “Bu baxımdan etnik təxribatların erkən aşkar edilməsinin əsas üsullarından biri milli mövzuların peşəkar jurnalistika prinsiplərinə uyğun işıqlandırılması, yayılan məlumatların operativ yoxlanılması və manipulyativ məzmunun vaxtında müəyyən edilməsidir”.

İradə Məlikova milli icmalar mövzusunun siyasi alver predmetinə çevrilməsini qətiyyətlə rədd edərək bildirir ki, dilin, folklorun və mədəniyyətin qorunması siyasi deyil, humanitar və mənəvi məsələdir. Onun fikrincə, milli-mədəni dəyərlərin siyasiləşdirilməsi cəhdlərinin vaxtında müəyyən olunması və ifşa edilməsi informasiya təxribatlarının erkən aşkarlanmasının mühüm elementlərindən biridir.

Baş redaktor hesab edir ki, milli həmrəyliyin möhkəmlənməsində medianın rolu əvəzsizdir. Onun sözlərinə görə, media müxtəlifliyi qarşıdurma elementi kimi deyil, cəmiyyətin zənginliyi kimi təqdim etməli, araşdırmaçı jurnalistika prinsiplərinə üstünlük verməli və müxtəlif xalqların dili, tarixi və mədəniyyəti haqqında dərin məzmunlu materiallar hazırlamalıdır.

İradə Məlikova qeyd edib ki, Azərbaycan mediasında multikulturalizm mövzusu kifayət qədər işıqlandırılsa da, əksər hallarda yalnız milli geyimlər, folklor və bayram tədbirləri kontekstində təqdim olunur. Onun fikrincə, etnik münasibətlərə təsir göstərən informasiya proseslərinin daha dərindən araşdırılması və ictimai maarifləndirmənin genişləndirilməsi etnik təxribatların vaxtında müəyyən edilməsinə imkan verə bilər.

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev də sosial medianın milli və dini təhlükəsizlik baxımından həm imkanlar, həm də risklər yaratdığını qeyd edib. O bildirib ki, rəqəmsal platformalar dini maarifləndirmə, müxtəlif icmalar arasında ünsiyyətin genişlənməsi və doğru məlumatların cəmiyyətə çatdırılması üçün əlverişli vasitədir. Bununla yanaşı, həmin platformalar saxta xəbərlərin, nifrət çağırışlarının və dini zəmində qarşıdurma yaratmağa hesablanmış saxta məlumatların yayılması üçün də istifadə oluna bilir.

Toral Ağayev vurğulayıb ki, virtual məkanda dini və etnik nifrət çağırışları ictimai sabitliyi pozmağa, ayrı-seçkiliyi təşviq etməyə və cəmiyyətdə etimadı zəiflətməyə xidmət edir. Buna görə də istifadəçilərin informasiya savadlılığının artırılması, yayılan məlumatların etibarlı mənbələr əsasında yoxlanılması və dezinformasiyaya qarşı ictimai həssaslığın formalaşdırılması milli-etnik təhlükəsizliyin qorunmasının əsas şərtlərindən biridir.

Mətbuat katibi həmçinin xaricdən idarə olunan informasiya kampaniyalarının və təxribat xarakterli materialların müəyyən edilməsinin vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, məlumatın mənbəyinin araşdırılması, faktların müxtəlif etibarlı resurslar vasitəsilə yoxlanılması, emosional manipulyasiyalara əsaslanan paylaşımlara tənqidi yanaşılması və media savadlılığının artırılması sosial platformalarda milli-etnik təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

Toral Ağayev vurğulayıb ki, sosial platformalarda Azərbaycanın multikultural modelinin qorunması üçün cəmiyyətin bütün üzvləri məsuliyyətli davranmalıdır. Düzgün informasiya mühiti, media savadlılığının inkişafı, dini və milli müxtəlifliyə hörmətin təşviqi, eləcə də dövlət qurumları, media və dini icmalar arasında əməkdaşlığın gücləndirilməsi virtual məkanda milli-etnik təhlükəsizliyin qorunmasının əsas şərtlərindəndir.

"Azəri Tat Mədəniyyət Mərkəzi" İctimai Birliyinin sədri Elman Əhmədov bildirib ki, sosial media azsaylı xalqların mədəniyyətinin təbliği üçün geniş imkanlar yaratmaqla yanaşı, dezinformasiya və təxribat xarakterli paylaşımların yayılması baxımından da müəyyən risklər yaradır. Onun fikrincə, etnik və dini mövzular ətrafında yayılan saxta məlumatlar müxtəlif qruplar arasında inamsızlıq yarada bilər. Buna görə də informasiya mühitinin davamlı monitorinqi, media savadlılığının artırılması və vətəndaş cəmiyyətinin fəallığı etnik təxribatların erkən aşkarlanmasının vacib elementləridir.

"Ronahi" Kürd Mədəniyyət Mərkəzinin sədr müavini Emin Xalarov hesab edir ki, kürd icmasının sosial mediada daha güclü təmsil olunması üçün peşəkar məzmun istehsalının artırılması, gənclərin rəqəmsal layihələrə cəlb olunması və dövlət qurumları ilə ictimai təşkilatların dəstəyinin genişləndirilməsi vacibdir. Onun sözlərinə görə, milli icmaların sosial platformalarda fəal və düzgün təmsil olunması yanlış məlumatların operativ aşkarlanmasına və təxribat xarakterli iddiaların vaxtında cavablandırılmasına imkan yaradır.

Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev də qeyd edib ki, virtual məkanda saxta məlumatların operativ ifşa olunması və milli həmrəyliyin möhkəmləndirilməsi üçün dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutlarının koordinasiyalı fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, Azərbaycanın multikultural modelinin ardıcıl şəkildə təbliği və ölkədə yaşayan bütün xalqların mədəni irsinin qorunması informasiya təxribatlarının təsir imkanlarını azaldır.

Buduq Cəmiyyətinin sədri Rafiq Abdullayev sosial şəbəkələrdə etnik icmaları hədəf alan dezinformasiya və informasiya təxribatlarını ciddi təhlükə kimi qiymətləndirir. O bildirir ki, internet məkanında yayılan saxta məlumatlar cəmiyyətdə etimadsızlıq yarada, etnik münasibətlərə mənfi təsir göstərə və multikultural dəyərləri hədəfə ala bilər. Bu səbəbdən sosial platformalarda yayılan informasiyaların davamlı monitorinqi, manipulyativ məzmunun müəyyən edilməsi və faktların etibarlı mənbələr vasitəsilə yoxlanılması xüsusi əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, xaricdən yönləndirilən informasiya təxribatlarının əlamətlərinin vaxtında müəyyən edilməsi, etnik kimliklə bağlı yanlış məlumatların yayılmasının doğurduğu risklərin düzgün qiymətləndirilməsi və sosial şəbəkələrdə saxta məzmunun tanınması etnik təxribatların erkən aşkar edilməsinin əsas üsullarındandır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli qeyd edib ki, informasiya müharibəsinin əsas meydanlarından biri artıq sosial media hesab olunur. Onun fikrincə, etnik qrupların rəqəmsal platformalarda fəallığının artırılması, öz mədəni irsini sistemli şəkildə təqdim etməsi və dezinformasiyaya operativ reaksiya verməsi təxribatların erkən müəyyən edilməsində mühüm rol oynayır.

Yadigar Məmmədli bildirib ki, son illər müxtəlif şəxslər və dairələr tərəfindən cəmiyyət arasında qarşıdurma yaratmağa hesablanmış saxta məlumatlar yayılsa da, Azərbaycan cəmiyyəti və ölkədə yaşayan müxtəlif etnik qruplar belə cəhdlərə qarşı kifayət qədər həssas yanaşır və yanlış informasiyalara operativ reaksiya verirlər. Onun fikrincə, sosial media istifadəçiləri yalnız informasiya istehlakçısı deyil, həm də informasiya təhlükəsizliyinin qorunmasına töhfə verən fəal iştirakçılar olmalıdırlar.

Milli-mədəni icma nümayəndələrinin fikirləri göstərir ki, etnik təxribatların erkən aşkar edilməsi kompleks yanaşma tələb edən prosesdir. Bu istiqamətdə peşəkar medianın fəaliyyəti, sosial şəbəkələrin məsuliyyətli istifadəsi, media savadlılığının artırılması, faktların etibarlı mənbələr vasitəsilə yoxlanılması, saxta məzmunun operativ müəyyən edilməsi və dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında səmərəli əməkdaşlıq əsas şərtlər hesab olunur.

İnformasiya təhlükəsizliyi sahəsində davamlı maarifləndirmə, rəqəmsal platformalarda etibarlı informasiya mənbələrinin gücləndirilməsi və cəmiyyətin dezinformasiyaya qarşı müqavimətinin artırılması isə milli həmrəyliyin və ictimai sabitliyin qorunmasına mühüm töhfə verir.

Bu yazı “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar