Xəzər dənizində təlimlər zamanı hərbçilərin ölümü ilə bağlı Qazaxıstan Müdafiə Nazirliyinin beş vəzifəli şəxsi saxlanılıb.
"Bakupost" xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti “Telegram” kanalında məlumat verib.
“Saxlanılanlar arasında Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi və baş komandanının birinci müavini, iki hərbi hissə komandiri, eləcə də dəniz rotası və qayıq komandirləri var”, - Qazaxıstan DİN bildirib.
Nazirliyin məlumatına görə, vəzifəli şəxslər səhlənkarlıq və naviqasiya qaydalarını pozmaqla bağlı cinayət əməlləri törətməkdə şübhəli bilinirlər.
Saxlanılan şəxslər Aktaudakı müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər.
Qazaxıstan DİN-in hərbi istintaq bölmələri hazırda məhkəməyəqədər araşdırma aparırlar.
Qeyd edək ki, Qazaxıstanın sentyabrın 24-də Xəzər dənizində keçirdiyi hərbi təlimlər zamanı fövqəladə hadisə baş verib. Sahildə təlim zamanı hava qəfildən pisləşib və güclü külək nəticəsində bir qrup hərbçini dalğa aparıb. Ümumilikdə 17 hərbçi itkin düşüb. Onlardan 3 nəfər xilas edilib, daha 14 nəfər həlak olub. Hadisədən sonra Prezident Kasım-Jomart Tokayev 25 sentyabrı milli matəm günü elan edib.