Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya uduzub – 0:2.
Bakupost.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Seyidov “Futbolpress.az“a açıqlamasında oyunu dəyərləndirib:
“Məğlubiyyətin səbəbləri çoxdur. Sözün düzü, bu nəticələrə görə indiki AFFA rəhbərliyini günahlandırmaq düzgün olmaz. Əsas məsələ, illərdir qeyri-peşəkar yanaşma, uşaq futbolunun idarəetməsində özbaşınalıqlar, klubların bərbad idarəsi, futbolçuların milli üçün düzgün və sistemli hazırlanmaması və son olaraq legioner limitinin ləğv olunmasıdır.
İslandiya ilə oyuna itkilərlə çıxmışdıq. Düzdür, Mahirin, Elvinin yoxluğu təsirini göstərdi. Həm də görünən o idi ki, Ayxan Abbasov müdafiə futbolu ilə bir xal qazanmaq niyyətində idi. Bu da başadüşüləndir. Ölkə olaraq bu qədər inkişaf edirik, amma millimizin futbolda sonuncu olması faciədir. İndi hamını bir sual düşündürür, nə etməliyik? Bu rəzil durumdan necə çıxaq?”
Mütəxəssis Azərbaycan futbolunun problemlərinə toxundu:
“Etiraf etməliyik ki, gələcəyin komandasını qurmaq üçün başda Qurban Qurbanov olmaqla, digər təcrübəli futbol mütəxəssislərimiz milli üçün inkişaf strategiyası hazırlamalıyıq. Milli ilə bağlı son strategiyada verilən vədlər vəd olaraq qalıb. Abbasovun gəlişindən sonra komandada milli ruh görünür, amma keyfiyyət də o deyil. Belə deyim, hücumçularımız 17 oyuna 2 qol vurursa, bu komandadan nə gözləyək?
Milli üçün futbolçu seçimi də yoxdur. Azərbaycan Liqasında oynamayanlar İngiltərə, Almaniya, Fransa çempionatlarında çıxış edənlərə qarşı necə oynaya bilər? Biz ancaq təsadüfi heç-heçələrə ümid edə bilərik”.
Seyidov durumdan çıxış yollarını söylədi:
“Düşdüyümüz vəziyyətdən çıxmaq üçün strategiya ilə bağlı işlər görülməlidir. Yeni plan çox yüksək səviyyədədir, qalır bunu həyata keçirmək.
Uşaq futbolunun inkişafı üçün infrastruktur, diqqət lazımdır. Klublara bu məqsədlə ayrılan pulların xərclənməsinə nəzarət lazımdır. Təyinatlar düzgün deyil, lazımsız legionerlərə məvaciblər verilir.
Bu gün 10 yaşdan 19 yaşa qədər olan uşaqlar beton üzərində salınmış süni meydançalarda məşq keçir. Gənclər ancaq Premyer Liqa klubuna keçəndə təbii örtük görür. Gənclər peşəkar səviyyəyə çatana qədər dizində, belində travmalarla mübarizə aparır. Gənclərə nə şərait yaratmışıq ki, millilərdən də uğur gözləyək? Etiraf edək ki, şərait də, nəticə də bir-birinə uyğundur.
Uşaq futbolunu yaxşı bilən mütəxəssislər barmaqla sayılacaq qədərdir. Futbol sahəsində uzun müddətdir olan biri kimi deyim, nə qədər ki, dövlətimizin uşaq futbolu ilə bağlı siyasi iradəsi olmayacaq, milli komandalarımızdan nəticə gözləməyək. Azərbaycan futbol ictimaiyyətləri vəziyyəti və həqiqətləri, reallıqları qəbul etməlidir. AFFA mümkün olanı edir, amma bu səviyyədə də işləri həll etmək alınmır”.