“Star Trek” və “X-Men” franşizalarındakı rolları ilə dünya miqyasında tanınan aktyor Patrik Stüartın sərvəti gündəmə gəlib. Vəsiyyətnaməsinin məzmunu hələ açıqlanmasa da, mərhum aktyorun təxminən 75 milyon dollar dəyərində əmlak qoyub getdiyi ehtimal edilir.
"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, Patrik Stüart 60 ildən artıq davam edən aktyorluq karyerası ərzində milyonlarla pərəstişkar qazanıb. O, xüsusilə “Star Trek” serialındakı kapitan Jan-Lük Pikard və “X-Men” filmlərindəki professor Çarlz Ksavyer obrazları ilə yadda qalıb.
Aktyorun vəfatından sonra bu dəfə onun sərvəti və mirasının kimə qalacağı maraq doğurub. “Celebrity Net Worth”un məlumatına görə, Stüartın ölüm anındakı təxmini xalis sərvəti 75 milyon dollar, yəni təxminən 69 milyon avro olub. Bu rəqəm xarici mətbuatda da geniş işıqlandırılıb.
Patrik Stüartın sərvətinin böyük hissəsini aktyorluqdan əldə etdiyi gəlirlər təşkil edib. “Star Trek: The Next Generation” serialındakı uğuru ona həm dünya şöhrəti, həm də yüksək qazanc gətirib.
“Celebrity Net Worth”un məlumatına əsasən, aktyor serialın son mövsümlərində hər bölüm üçün təxminən 100 min dollar qazanırdı. Kino filmlərinə görə aldığı qonorarlar isə daha yüksək olub.
Stüartın “Star Trek” filmlərindən əldə etdiyi iddia olunan gəlirlər belə sıralanır:
* “Star Trek: İlk təmas” – təxminən 5 milyon dollar;
* “Star Trek: Üsyan” – təxminən 9,5 milyon dollar;
* “Star Trek: Nemesis” – təxminən 14 milyon dollar.
Bu gəlirlər aktyorun uzun illər kino və televiziya dünyasının ən tanınmış simalarından biri kimi qazandığı sərvətin miqyasını göstərir.
Məşhur aktyorun var-dövləti yalnız aktyorluq gəlirlərindən ibarət olmayıb. Stüartın müxtəlif bölgələrdə daşınmaz əmlak yatırımları da olub.
Xarici mətbuatın məlumatına görə, aktyor 2019-cu ildə Los-Ancelesin nüfuzlu Henkok Parkı ərazisində təxminən 4,3 milyon dollara ev alıb. Onun əvvəllər Nyu-Yorkda və İngiltərədəki doğma Yorkşir bölgəsində də mülklərinin olduğu bildirilir.
Patrik Stüartın ölümündən sonra ən çox maraq doğuran məsələlərdən biri də sərvətinin kimlərə çatacağıdır. Lakin aktyorun vəsiyyətnaməsi ictimaiyyətə açıqlanmadığı üçün mirasın necə bölüşdürüləcəyi hələlik məlum deyil.
Stüart 2013-cü ildə amerikalı müğənni və bəstəkar Sanni Ozellə ailə qurub. Aktyorun ilk evliliyindən Şeyla Falkoner ilə Daniel və Sofi adlı iki övladı var.
Həyat yoldaşı Sanni Ozell və övladları aktyorun ailə üzvləri arasında yer alsalar da, vəsiyyətnamənin məzmunu açıqlanmadığından 75 milyon dollarlıq sərvətin kimlərə və hansı nisbətdə veriləcəyi barədə dəqiq məlumat yoxdur.
Ailəsinin yaydığı açıqlamaya görə, Patrik Stüart Los-Ancelesdəki evində yaxınlarının əhatəsində vəfat edib. Həyat yoldaşı Sanni Ozell də aktyorun son anlarında yanında olub.
2013-cü ildə evlənən cütlük aralarındakı 38 yaş fərqinə baxmayaraq uzun illər birlikdə yaşayıb. Stüartın ölümündən sonra həm aktyorluq karyerası, həm də geridə qoyduğu miras yenidən gündəmə gəlib.