Beynəlxalq Futbol Federasiyası (FIFA) Dünya Kuboku və digər turnirlərinin kommersiya hüquqlarını idarə edəcək yeni şirkət yaratmağa hazırlaşır.
“Bakupost” xəbər verir ki, “FIFA Forward Enterprise” (FFE) adlanan yeni qurum Dünya Kuboku, Qadınlararası Dünya Kuboku və Klublararası Dünya Kuboku kimi turnirlərin kommersiya fəaliyyətlərini vahid platformada idarə edəcək.
Məlumata görə, FIFA yeni şirkətdə nəzarət paketini özündə saxlayacaq, lakin ilin sonunadək azlıq paylarını investorlara sataraq təxminən 4,2 milyard dollar cəlb etməyi planlaşdırır. Yeni şirkətin dəyərinin isə 20 milyard dollar olduğu bildirilir.
İddialara görə, layihə ilə ABŞ-nin Thrive Capital və JPMorgan kimi investorları maraqlanır.
FIFA əldə olunacaq vəsaitin böyük hissəsinin üzv federasiyaların inkişafına yönəldiləcəyini açıqlayıb.
Bununla yanaşı, plan Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) sərt etirazı ilə qarşılanıb. UEFA bəyan edib ki, “Futbol satıla biləcək bir əmlak deyil” və zərurət yaranarsa hüquqi addımlar atıla bilər.
Vüsalə Hüseynova,
BakuPost