2027–2030-cu illər üçün dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib. Proqram çərçivəsində hər il dövlət büdcəsi və dövlət investisiya proqramlarında maliyyə vəsaitinin nəzərdə tutulması planlaşdırılır.
Liberal İqtisadçılar Mərkəzinin sədri
Akif Nəsirli “Bakupost”a bildirib ki, proqramın əsas iqtisadi nəticəsi Azərbaycanın qeyri-neft iqtisadiyyatında daha yüksək əlavə dəyər yaradan yeni sənaye zəncirinin formalaşması ola bilər.
Onun sözlərinə görə, 2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması hədəflənir. 2027–2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiya nəzərdə tutulur və bunun təxminən 80 faizinin dövlət büdcəsindən kənar mənbələr hesabına formalaşdırılması planlaşdırılır. Rəsmi məlumatlara görə də 5,3 milyard manatlıq investisiyanın təxminən 80 faizi qeyri-büdcə mənbələrindən cəlb ediləcək.
A.Nəsirli qeyd edib ki, dövlət vəsaitinin əsas funksiyası bütün yükü büdcənin üzərinə götürmək yox, özəl və digər investisiyaları hərəkətə gətirən başlanğıc kapitalı və infrastruktur dəstəyi yaratmaq olmalıdır. Dövlət büdcəsindən maliyyələşmə geoloji kəşfiyyat, infrastruktur, iri strateji layihələrin ilkin mərhələləri və investor üçün risklərin azaldılması istiqamətində istifadə olunarsa, daha böyük həcmdə özəl kapitalın cəlb edilməsinə imkan yarada bilər.
Mütəxəssisin fikrincə, idxaldan asılılığın azalması mümkündür, amma bunun üçün yalnız filiz hasilatını artırmaq kifayət deyil. Əsas məsələ filizin ölkə daxilində zənginləşdirilməsi, emalı, metal istehsalı və daha sonra hazır və yarımfabrikat sənaye məhsullarının istehsalına keçməkdir. Yəni iqtisadi effekt “filiz çıxardıq və satdıq” səviyyəsində deyil, “xammal–emal–metal–hazır məhsul–ixrac” zəncirinin mümkün qədər böyük hissəsinin Azərbaycanda yaradılması ilə ölçülməlidir.
O bildirib ki, proqram çərçivəsində “Filizçay” yatağında mis, sink və qurğuşunun tamhəcmli emalı, “Daşkəsən” layihəsində isə illik 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması nəzərdə tutulur. Belə layihələr reallaşarsa, təkcə mədən sektorunda deyil, metallurgiya, maşınqayırma, tikinti, nəqliyyat, logistika və digər əlaqəli sahələrdə də əlavə iqtisadi aktivlik yarana bilər. Dövlət proqramının təqdimatında da “Filizçay”da mis, sink və qurğuşunun tamhəcmli emalı, “Daşkəsən” layihəsində isə 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması nəzərdə tutulduğu açıqlanıb.
A.Nəsirlinin sözlərinə görə, proqramın uğuru üçün əsas diqqət geoloji kəşfiyyatın genişləndirilməsinə, yataqların səmərəli istismarına, müasir emal texnologiyalarına və yüksək əlavə dəyərli məhsulların istehsalına yönəldilməlidir. Eyni zamanda enerji və nəqliyyat xərcləri, uzunmüddətli maliyyələşmə, texnologiya və kadr təminatı məsələləri həll edilməlidir. Çünki metallurgiya enerji tutumlu və kapitaltutumlu sahədir və istehsal olunan məhsulun dünya bazarında rəqabət qabiliyyəti birbaşa bu amillərdən asılıdır.
Digər mühüm məsələnin dövlət vəsaitlərinin səmərəliliyinin ölçülməsi olduğunu deyən mütəxəssis bildirib ki, ayrılan hər manatın qarşılığında nə qədər yeni istehsal, ixrac, vergi gəliri, məşğulluq və əlavə dəyər yaradıldığı mütəmadi qiymətləndirilməlidir. Eyni zamanda ekoloji təhlükəsizlik və mədənlərin sonrakı bərpası məsələləri də layihələrin iqtisadi səmərəliliyi ilə paralel nəzərə alınmalıdır.
Ümumilikdə, A.Nəsirli hesab edir ki, proqramın əsas əhəmiyyəti Azərbaycanın mineral resurslarını daha yüksək əlavə dəyər yaradan sənaye məhsullarına çevirmək imkanını genişləndirməsidir. Əgər dövlət investisiyası özəl kapitalı da cəlb edə bilsə və hasilatdan son məhsula qədər dəyər zənciri ölkə daxilində genişlənsə, bu sahə qeyri-neft ixracının artmasına və iqtisadiyyatın şaxələndirilməsinə ciddi töhfə verə bilər.
Vüsalə Hüseynova,
BakuPost