Ru
16:07 / 07 Avqust 2026

Gələcəyin müharibəsinə hazırlıq: 10 min əsgər səhranın ortasında nəhəng təlimdə

Gələcəyin müharibəsinə hazırlıq: 10 min əsgər səhranın ortasında nəhəng təlimdə
Eye

ABŞ və müttəfiq ölkələrdən 10 minə yaxın hərbçi dünyanın ən sərt şəraitlərindən birində gələcəyin müharibəsinə hazırlaşır.

"Bakupost" xəbər verir ki, İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiya hərbçilərinin də iştirak etdiyi genişmiqyaslı təlim ABŞ-ın Mojave səhrasında yerləşən Fort İrwin hərbi bazasında keçirilir. “Project Convergence” (“Birləşmə Layihəsi”) çərçivəsində təşkil olunan təlimdə orduların müasir döyüş şəraitində birgə fəaliyyət imkanları və yeni texnologiyaları sınaqdan keçirilir. Təlimin əsas məqsədlərindən biri müxtəlif ölkələrin hərbi qüvvələrini vahid rəqəmsal şəbəkədə birləşdirmək, süni intellekt, pilotsuz sistemlər, elektron müharibə vasitələri və avtonom texnologiyaların real döyüş şəraitində imkanlarını yoxlamaqdır.

Müttəfiq ölkələrin hərbçiləri ABŞ-nin 4-cü Piyada Diviziyasına inteqrasiya edilərək 11-ci Zirehli Süvari Alayının “Blackhorse” bölməsinə qarşı sınağa çəkilib. Bununla da yalnız texnologiyalar deyil, müxtəlif ölkələrin ordularının real döyüş şəraitində bir-biri ilə nə dərəcədə koordinasiyalı fəaliyyət göstərə bildiyi də yoxlanılır. Təlim zamanı temperaturun 50,5 dərəcəyə qədər yüksəldiyi səhrada pilotsuz uçuş aparatları da sınaqdan keçirilib. Ukraynada istifadə edilən “Altius-600” dronu havaya buraxılaraq mümkün hədəfləri müəyyənləşdirib və daha sonra kamikadze tipli hücum üçün yönləndirilib. Onun fəaliyyəti isə havadan pilotsuz Kanada “Cessna” təyyarəsi tərəfindən izlənilib.

“Shadow” pilotsuz uçuş aparatı da sınaqlardan keçirilib. Qarşı tərəfin elektron müharibə vasitələri ilə onun tezlik dəyişdirmə imkanlarını bloklamağa çalışmasına baxmayaraq, sistem fəaliyyətini davam etdirə bilib. Lakin bütün sınaqlar uğurlu nəticələnməyib. Xüsusilə pilotsuz sistemlərdə istifadə olunan litium-ion batareyaların yüksək temperatur qarşısında ciddi çətinlik yaşadığı bildirilib. Təlimin ilk mərhələsində adı açıqlanmayan dronlardan birinin də məhz bu səbəbdən sıradan çıxdığı qeyd olunur. Bununla yanaşı, orduların döyüş meydanında böyük həcmdə hərbi sursat və digər materialları daşıması üçün avtonom nəqliyyat vasitələri də sınaqdan keçirilib. Rheinmetall şirkətinin hazırladığı təxminən 20 tonluq pilotsuz yük maşınlarından Ukraynada istifadə olunan daha kiçik “Gereon” tipli yerüstü robotlara qədər müxtəlif sistemlər səhranın ağır relyefində yoxlanılıb. Təlimdə real döyüş şəraitini mümkün qədər yaxından canlandırmaq üçün lazer əsaslı simulyasiya sistemlərindən də istifadə olunur. Əsgərin vurulması, minaya düşməsi və ya simulyasiya edilmiş artilleriya zərbəsinə məruz qalması xüsusi avadanlıqlar vasitəsilə qeydə alınır.

Təlimin diqqət çəkən tərəflərindən biri də iştirakçıların real və sərbəst fəaliyyət göstərən “düşmən” qüvvəsi ilə qarşılaşmasıdır. Beləliklə, hərbçilər əvvəlcədən müəyyən edilmiş ssenariyə uyğun deyil, qarşı tərəfin real qərarlarına və manevrlərinə uyğun reaksiya verməli olurlar. Mojave səhrasının ağır şərtləri isə hərbçilər üçün ayrıca sınaqdır. 50 dərəcədən yuxarı temperatur, sərt relyef və geniş ərazi həm insanları, həm də texnikanı ciddi şəkildə sınağa çəkir. Təlimin ilk günlərində hərbi texnikalardan birinin aşması nəticəsində bəzi britaniyalı hərbçilərin yaralandığı da bildirilir. Təlim NATO ölkələri arasında siyasi gərginliklərin artdığı bir dövrə təsadüf edir. Buna baxmayaraq, yüksək rütbəli hərbçilər arasında müxtəlif ölkələrin orduları arasında əməkdaşlığa ciddi təsir edən gərginliyin müşahidə olunmadığı bildirilir. Fort İrwində keçirilən bu nəhəng təlimin sonunda əsas sual yalnız hansı silahın və ya dronun daha effektiv olması deyil. ABŞ və müttəfiqləri eyni zamanda gələcəyin döyüş meydanında süni intellekt, avtonom sistemlər, elektron müharibə və insan faktorunun necə birləşəcəyinə cavab axtarırlar. Çünki gələcəyin müharibəsində üstünlük təkcə daha çox əsgərə və daha güclü silaha sahib olmaqla deyil, texnologiya ilə insanı ən sürətli və effektiv şəkildə birləşdirə bilməkdən asılı ola bilər.

Röya Rizvanzadə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar