Ölkəmizdə gənclər arasında son illər güclənən zərərli vərdişlərdən biri də bir çox kafe və restoranlarda qəlyan çəkməkdir. Bəzi restoranlarda tətbiq olunan “1 alana 1 hədiyyə” tipli kampaniyalar isə bu vərdişin yayılmasını sürətləndirir. Halbuki qəlyan istifadəsi sağlamlığa ciddi təhlükələr yaradır.
Mövzu ilə bağlı
Bakupost.az -a danışan pulmonoloq Əsəd Beydullayev bildirdi ki, son illər populyarlığı durmadan artan sulu qəlyanlar digər nikotin məhsulları kimi orqanizm üçün çox zərərlidir:
“Sulu qəlyan çəkilməsi orqanizmə 20 ədəd siqaretə bərabər nikotin və zərərli maddələr verir. Oradakı su və ya digər qatılan maddələr faydasızdır. Əksər hallarda sulu qəlyanlarda yanan maddə hazır formada gətirilir və onların istifadəsi zamanı meydana gələ biləcək kimyəvi maddələr haqqında məlumatımız belə yoxdur”.
Ə.Beydullayevin sözlərinə görə, sulu qəlyanların infeksion baxımdan da çox ciddi yan təsirləri var:
“Bunlardan əsası odur ki, qəlyanların ucluqları hər insana görə fərqli olsa da, ümumi borunun içərisindən keçən hava damlaları istənilən xəstəliyi daşıya və növbəti insana yoluxmağa səbəb ola bilər”.
Pulmonoloq həmçinin qeyd edib ki, qəlyanların gözəl görüntüləri, qabları və buxarı bizim ən çox ehtiyat etdiyimiz şəxsləri – qadınları və yeniyetmələri buna cəlb edir:
“Bu da öz fəsadlarını zaman keçdikcə göstərəcək. Bakıda həmin qəlyanxanaların sayı olduqca çoxdur və hər birində yüzlərlə gənc işləyir. Onlar qəlyanı müştəriyə gətirib çatdırana qədər özləri də sovurur və gün ərzində bu prosesi təkrarrarlayırlar. Bu, onlara da çox ciddi zərər verə bilər.
Tövsiyə edərdim ki, nikotin olan və asılılıq yaradan maddələrdən uzaq durulsun. Çünki tərkibində nikotin olan hər şey orqanizm üçün çox zərərlidir və sulu qəlyan da bu siyahıda başda gəlir”.
Lalə,
BakuPost