Ru
17:24 / 23 Noyabr 2021

“Gərək onların kökünü kəsəsən...“ - Baba Vəziroğlu

5224

Bir müddət öncə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadə 275 min dollar (450 min manat) dəyərində olan avtomobili ilə gündəmə gəldi. İndi isə o, “Mercedes Benz G-63 AMG” markalı maşının 10-LL-077 nömrə nişanını 77-LL-077 ilə əvəzləyib. Elşən Babazadənin bu nömrəni maşınına alması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.




Azərbaycanlı məmur övladlarının şəxsi həyatları, maşınları ilə gündəm olması adi hala çevrilib. Buna səbəb nədir? Məmur övladları niyə elmi fəaliyyətlə, xeyirxah addımlarla deyil, bu cür məsələlərlə gündəmə gəlirlər?

Bakupost.az xəbər verir ki, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu mövzu ilə bağlı Yenisabah.az-a danışıb.

O, Azərbaycan cəmiyyətinin deqradasiyada olduğunu qeyd edib:

“Hazırda bizim cəmiyyət üçün ən faydalı iş çoxlu pul qazanmaq hesab olunur. Bu pulu qazanmaq üçün isə hər bir üsulu məqbul hesab edirlər. İstər cinayət tərkibli, istərsə də Allaha zidd olsun. Sonra isə həmin işləri nümayiş edirlər, bu isə qudurğanlıqdır.

Problemin əsas səbəbi cəmiyyətdə gedən çürümə prosesidir. Oxuyub 250-300 manat müəllim maaşı, 400 manat mühəndis maaşı almaqdansa, oğurluq yolunu seçirlər.

Heydər Əliyevin məşhur bir sözü var: “O cəmiyyət məhvə məhkumdur ki, cinayətkarlar günahsız qalır, günahsızlar cəza alır”. Bizim cəmiyyətdə bu proses hökm sürür”.

Baba Vəziroğlu cəmiyyətdə ictimai qınaq olmasının vacibliyini vurğulayıb:

“Həmin məmur övladlarını cəmiyyətdə pis baxışlarla qarşılasalar, ictimai qınaq olsa bu proseslər baş verməz. Lakin bizdə əksinədir. Onlar hər yerdə xoş münasibət görürlər, cəmiyyət bu adamları sevir.

Dünyada iki cür insan var. Kamil və cahil insan. Bizim cəmiyyətdə kamil insanlar barmaqla sayılır, cahillərin zəmanəsidir.

Hazırda ibtidai icma quruluşundan da pis dövrdəyik. Həmin quruluşda güclü olanlar, oğurluq edənlər, qonşusunun daxmasını yağmalayanlar yaxşı yaşayırdı. Eyni prosesləri yaşayırıq, dövrə uyğun və mürəkkəb şəkildə. Çünki cahillər çoxdur.

Cahil adamlar bütün cəmiyyətlərdə olur, lakin tək-tük. Çünki qanun, dini qurumlar onların qarşısını alır. Əsas məqam isə ictimai qınaqdır. Bizdə isə həmin insanlara sevgi, hörmət bəslənilir, onlarda meydanda at oynadır.

Lakin bir ümidimiz var. Həmin şəxslərə qarşı amansız bir müharibə başlayıb. Çox amansız müharibədir, hətta erməni faşizmi ilə apardığımız müharibədən belə çətindir. Çünki onların kökü çox dərinə işləyib. Bu problemi kökündən qazıb çıxarmaq lazımdır. Bir icra başçısını türməyə basmaq bəs eləmir, dərində olan kökləri qazıb məhv etmək lazımdır”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər