Ru
14:36 / 02 İyul 2026

Gürcüstandan heyvan idxalı azaldılır: Ət bahalaşacaq?

Gürcüstandan heyvan idxalı azaldılır: Ət bahalaşacaq?
Eye

Gürcüstandan Azərbaycana diri heyvan ixracı azala bilər.

Buna səbəb kimi Azərbaycanın Gürcüstandan diri heyvan idxalına tətbiq etdiyi yeni məhdudiyyətlər göstərilir.

Gürcüstanın "Va-toşi" şirkətinin direktoru Vaxtanq Xositiaşvili əvvəllər bir yük avtomobili ilə 450 baş qoyun daşınmasına icazə verilirdisə, indi bu rəqəmin 150 başa endirildiyini bildirib.

Onun sözlərinə görə, iribuynuzlu mal-qara üçün də limit azaldılıb. Əvvəllər bir avtomobildə 100 baş iri buynuzlu heyvan daşınırdısa, indi maksimum 60 baş aparmaq mümkündür.

Şirkət rəhbəri qeyd edib ki, bu dəyişikliklər daşınma xərclərini artıracaq və nəticədə Gürcüstandan diri heyvan ixracının həcmini azaldacaq.

Onun proqnozuna görə, hazırda mövsümi ixracın həcmi 150 min başdan 130 min başa qədər enə bilər.

Bu addım ölkəmizdə mövcud sahəyə necə təsir göstərəcək?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "Bakupost"a bildirib ki, bu məhdudiyyətlər rəsmi şəkildə tətbiq olunursa, onun Azərbaycanda heyvandarlıq bazarına bir neçə istiqamətdə təsiri ola bilər:

“İlk növbədə, diri heyvanların daşınması üzrə logistika xərclərinin artması idxal olunan heyvanların maya dəyərini yüksəldəcək. Bu isə müəyyən dövrlərdə diri heyvan və ət bazarında qiymətlərə təsir göstərə bilər”.

Digər tərəfdən, həmsöhbətimizə görə, idxal həcminin azalması yerli istehsalçılara müəyyən üstünlüklər də verə bilər.

Mərkəz sədrinin fikrincə, xarici rəqabətin nisbətən zəifləməsi yerli fermerlərin satış imkanlarını artıra və daxili istehsalın genişlənməsinə stimul verə bilər:

“Lakin bu yalnız o halda mümkün olacaq ki, yerli istehsal bazarın tələbatını kifayət qədər ödəyə bilsin.
Əgər daxili istehsal idxaldakı azalmanı tam kompensasiya edə bilməzsə, xüsusilə tələbatın yüksək olduğu dövrlərdə bazarda təklifin azalması qiymət artımına səbəb ola bilər”.

Buna yol verməmək, bazarda tarazlığın qorunması üçün müsahibimiz yerli heyvandarlığın məhsuldarlığını artırmağı, yem bazasının gücləndirilməsi və istehsal xərclərinin azaldılmasının vacib olduğunu düşünür:

“Ümumilikdə, bu qərarın təsiri onun nə qədər müddət qüvvədə qalacağından, idxalın hansı həcmdə azalacağından və yerli istehsalın bu dəyişikliyə nə dərəcədə uyğunlaşa biləcəyindən asılı olacaq. Uzunmüddətli perspektivdə əsas məqsəd ölkənin daxili istehsal potensialını gücləndirmək və idxaldan asılılığı azaltmaq olmalıdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar