Əhmədlidə 10 saylı qadın məsləhətxanasının qarşısında ləğv edildiyi bildirilən avtobus dayanacağında müvafiq işarənin hələ də qalması narazılığa səbəb olub.
Bakupost.az xəbər verir ki, bu barədə ərazi sakinlərindən biri sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, dayanacaq işarəsinin altında təxminən yarım saat gözləməsinə baxmayaraq, heç bir avtobus saxlamayıb:
“Özüm 6 aylıq hamiləyəm, yaxında digər dayanacaq da qoyulmayıb. Ayaq üstdə durmağa halım yox idi. Artıq özümü pis hiss etməyə başlamışdım. Sonda 21 nömrəli avtobus saxladı, sağ olsun. Sürücüyə təşəkkür etdim və dedim ki, sizdən əvvəl nə qədər avtobus keçdi, amma saxlamadılar. Dedi ki, bu dayanacaq ləğv edilib, amma mənim vəziyyətimi görüb saxlayıb. Dayanacaq ləğv olunubsa, işarəni niyə ləğv etmirlər? Hər gün ordan nə qədər hamilə və körpəli xanımlar keçir, çünki burada həm qadın məsləhətxanası, həm də uşaq poliklinikası var”.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA)
Bakupost.az -ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən ərazidə dayanacaq məntəqəsi mövcuddur və müntəzəm marşrut avtobuslarının həmin məntəqədə dayanmaları təmin edilir:
“Qeyd olunan ərazidə 21, 44, 183, 132, 60, 7A və 121E nömrəli marşrutlar fəaliyyət göstərir. Aparılan monitorinq zamanı dayanacaqda saxlamama faktı aşkarlanmayıb. Buna baxmayaraq, daşıyıcılara avtobusların sxem üzrə təyin edilmiş dayanacaq məntəqələrində saxlamaları ilə bağlı tapşırıq verilib. Sərnişinlərdən belə hallarla rastlaşdığı təqdirdə AYNA-nın “141” Çağrı Mərkəzinə və ya sosial şəbəkə hesabları üzrəindən məlumat vermələri xahiş olunur”.
Lalə, BakuPost