Xəbər verdiyimiz kimi, Əməkdar artist Yadigar Muradov vəfat edib.
Bakupost.az xəbər verir ki, Əməkdar jurnalist Mübariz Əsgərov Lent.az-a Yadigar Muradovla “Qulp” verilişində yaranan dostluqlarından və mərhum sənətkarla bağlı xatirələrindən danışıb.
“Bu xəbər mənə çox pis təsir elədi. Biz uzun illər bir yerdə olmuşuq. Yadigar Muradov “Qulp” proqramının ən parlaq obrazlarından biri idi. Onun hər mahnısı da yaddaşlarda qalırdı, dillərə düşürdü. Onun vəfatı mənim üçün çox gözlənilməz oldu. Çünki bizim yaradıcılıq planlarımız, layihələrimiz var idi. Birdən-birə dünyasını dəyişməyini qəbul etmək mənim üçün çox çətindir”.
Mübariz Əsgərov həmçinin Yadigar Muradovu “Aşıq Yediyar” obrazına seçməsindən danışıb:
“Onunla bizim yaradıcılığımızın hamısı bir xatirə idi. O, əslində aşıq deyildi, heç sazda ifa edə bilmirdi. Lakin mənə elə bir obraz lazım idi. Bütün axtarışlardan sonra Yadigar Muradovu tapdım. Onun aktyorluq qabiliyyəti, səsi bu obrazı canlandırmağa kifayət edirdi. Hər görüşümüz, çəkilişimiz bir xatirəyə çevrildi”.