Ru
13:35 / 18 Noyabr 2025

TƏBİB-in bu yüksək vəzifəli şəxsinin tibb təhsili yoxdur? - AÇIQLAMA

TƏBİB-in bu yüksək vəzifəli şəxsinin tibb təhsili yoxdur? - AÇIQLAMA
Eye

TƏBİB-in İlkin Səhiyyə Departamentinin rəhbəri Rəşad Çobanlının tibbi təhsili olmadığına dair səsləndirilən iddialar əsassızdır. Qeyd edirik ki, Rəşad Çobanlı 2010–2015-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi Profilaktika fakültəsində təhsil alıb və “həkim” ali peşə-ixtisas dərəcəsi əldə edib.

Bu barədə Bakupost.az-a TƏBİB-dən bildirilib.

Məlumatda qeyd olunur ki, 2015–2017-ci illər ərzində o, yerli və beynəlxalq idman yarışlarında tibbi xidmət üzrə mütəxəssis kimi fəaliyyət göstərib, 2017–2020-ci illərdə isə Azərbaycan Milli Anti-Dopinq Agentliyində tibb və antidopinq xidmətləri üzrə beynəlxalq dərəcəli mütəxəssis qismində çalışıb:

"Rəşad Çobanlı 2017–2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Səhiyyənin idarəedilməsi üzrə MBA proqramını bitirib və təhsil dövründən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində əmək fəaliyyətinə başlayıb. O, Agentlikdə 2018–2022-ci illərdə müxtəlif məsul vəzifələrdə fəaliyyət göstərib və 2022-ci ildən Analitika və statistika şöbəsinin müdiri olub.

2020-ci ildən etibarən AMEA İqtisadiyyat İnstitutunda doktorantura təhsilini davam etdirən Rəşad Çobanlı, həmçinin 2021–2025-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində əlavə ali təhsil alıb.

Səhiyyə sistemində aparılan islahatlar çərçivəsində 2023-cü ildə TƏBİB-də İlkin Səhiyyə Departamenti yaradılıb və Rəşad Çobanlının çoxşaxəli təcrübəsi nəzərə alınaraq departament rəhbəri təyin olunub.

Yuxarıda sadalanan faktlar Rəşad Çobanlının tibbi təhsili ilə bağlı iddiaların əsassız olduğunu təsdiq edir", - TƏBİB-dən bildirilib.

***

12:46

TƏBİB-in İlkin Səhiyyə Xidməti Departamentinin rəhbəri Rəşad Çobanlının tibbi təhsilə malik olmadığı məlum olub.


Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, Çobanlının rəhbərlik etdiyi departament ölkə üzrə poliklinikalar, ailə sağlamlıq mərkəzləri və Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin fəaliyyətinə nəzarət edən ən kritik sahələrdən biridir.

Mövcud məlumatlara əsasən, Rəşad Çobanlı 2010–2015-ci illərdə peşəkar həkimliklə əlaqəsi olmayan, əvvəllər “sanfak” kimi tanınan ixtisas üzrə təhsil alıb. Yəni onun ali təhsili səhiyyə sahəsi ilə bağlı deyil. O, daha sonra “Linkedin” platformasında BDU-da magistr təhsilini tibb sahəsi üzrə davam etdirdiyini qeyd edib. Lakin bu, onun ən kritik səhiyyə strukturlarından birinə rəhbərlik etməsi üçün zəruri olan tibbi ixtisaslaşmanı əvəz etmir.

Açıq mənbələrə görə, Çobanlı MBA biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə və bir sıra beynəlxalq sertifikatlara sahibdir. Lakin rəsmi məlumatlarda onun tibbi sahə üzrə baza və ya rezidentura təhsilinə dair hər hansı qeyd yer almır.

Xatırladaq ki, Rəşad Çobanlı daha əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində vəzifə icra edib, ardınca TƏBİB-ə keçərək uzun müddətdir İlkin Səhiyyə Xidməti Departamentinə rəhbərlik edir və hazırda özünü “səhiyyə siyasəti üzrə konsultant” kimi təqdim edir.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Çobanlının TƏBİB sədrliyinə mümkün namizəd kimi adı hallanmışdı.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar