Ru
14:16 / 14 Avqust 2026

HƏMAS seçkilərə gedir: Bölgə yenidən şəkillənir

HƏMAS seçkilərə gedir: Bölgə yenidən şəkillənir
Eye

HƏMAS “ən geniş milli koalisiya"nın bir hissəsi olaraq Fələstin Qanunvericilik Şurasına seçkilərdə iştirak etməyə hazır olduğunu bildirib.

“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın sözçüsü Hüsam Badran məlumat verib.

O, təşkilatın vahid seçki bloku yaratmaq üçün digər Fələstin partiyaları və qrupları ilə danışıqlar apardığını söyləyib.

Seçkiləri Fələstinin daxili işlərini təşkil etmək üçün "ən yaxşı və düzgün yol" adlandıraraq, partiyaların iştirakına siyasi şərtlər qoyulmasına qarşı çıxıb.

Badran onu da qeyd edib ki, HƏMAS həmçinin prezident və Milli Şura seçkilərinin keçirilməsini də dəstəkləyir. Bu əsasda o, təşkilatın Milli Şura üzvlərinin təyin edilməsinə qarşı çıxdığını bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Qanunvericilik Şurasına seçkilərin bu ilin noyabrın 28-də keçiriləcəyini açıqlayıb. Prezident seçkiləri isə 2027-ci ilə planlaşdırılır.

Siyasi şərhçi Rufiz Hafizoğlu “Bakupost”a bildirib ki, seçki prosesi HƏMAS üçün yeni deyil:

“2006-cı ildə Qəzzada keçirilən seçkilərdə HƏMAS səs çoxluğu ilə qalib gəlib. Hətta Avropadakı bütün demokratik institutlar Qəzzadakı seçkilərin Yaxın Şərqdə ən demokratik seçki olduğunu qəbul edib”.

Bununla yanaşı, müsahibimizin sözlərinə görə, hazırkı reallıq tamamilə fərqlidir:

“Əvvəlki HƏMAS-dan fərqli olaraq indi İsraillə savaşda tam andqral vəziyyətə düşən bir HƏMAS var. HƏMAS heç də vahid qurum deyil. Onun içində müxtəlif qüvvələr, müxtəlif siyasi bloklar, habelə hərbi bloklar mövcuddur. Təşkilat iki strukturdan ibarətdir-hərbi qanad və siyasi qanad. Hərbi qanad hazırda çökmüş vəziyyətdədir. Siyasi qol, Xalid Məşəl Türkiyə və Qətərə bağlı qoldur”.

R. Hafizoğlu düşünür ki, HƏMAS-ın seçkidə iştirak niyyətini ön plana çəkməsi siyasi qolun daha ağır bir basqın siyasət yürütməsinin nəticəsidir:

“Mahmud Abbas adminstrasiyası da bunu qəbul edəcək. O, iki gün əvvəl Türkiyəyə səfəri fonunda bildirdi ki, Qəzzada dövlət qurula bilməz. Fələstin dövləti isə Qəzzadan ayrı ola bilməz. Onun Ərdoğanla qapalı görüşlərində heç şübhəsiz HƏMAS-ın siyasi qolunun seçkilərdə iştirakı məsələsi də müzakirə edilib”.

Müsahibimiz deyir ki, HƏMAS-ın seçkilərdə səs qazanacaq imkanları az deyil:

“HƏMAS Abbas adminstrasiyası ilə müqayisədə daha çox cəmiyyətə sızmış bir qurumdur. Hər şey normal keçsə, HƏMAS transformasiya olunsa, onun seçkilərdə səs qazanma imkanı ola bilər. Amma HƏMAS olaraq yox. Böyük ehtimalla HƏMAS seçkilərə fərqli qurum, müstəqil nümayəndələr kimi gedəcələr”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar