Hesablama Palatası 2025-ci ildə Azərbaycanda icmal büdcənin icrası və layihəsi üzrə 299,1 milyon manatlıq uyğunsuzluq aşkarlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Milli Məclisin aprelin 21-də keçirilən iclasında müzakirə edilən "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"da bildirilib.
Bildirilib ki, 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy üzrə uyğunsuzluqlar arasında dövlət büdcəsi gəlirlərinin iki uçotu üzrə fərq 6,8 milyon manat təşkil edib. Xərclərin funksional təsnifatında uyğunsuzluqlar 290 milyon manat, tanınmayan gəlirlər isə 2,4 milyon manat olub.
Eyni zamanda, ləğv edilmiş hüquqi aktlara görə tutulmuş dövlət rüsumlarının məbləği 5,3 milyon manat göstərilib, bölgüsü aparılmamış xərclərin təyinatı üzrə istifadə edilməməsi və ya uyğun olmayan istiqamətlərə yönəldilməsi isə 45 milyon manat təşkil edib.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli
Bakupost.az-a bildirib ki, belə geniş həcmdə uyğunsuzluğun yaranması bir neçə səbəbdən qaynaqlanır.
Ekspertin fikrincə, problemin kökündə büdcə intizamının zəifliyi dayanır:
“Xərclər tez-tez qanunvericilikdə nəzərdə tutulmayan istiqamətlərə yönəldilir, təsisatlar isə real ehtiyaclarla deyil, siyasi məqsədəuyğunluqla müəyyən edilir”.
Mərkəz sədri hesab edir ki, şəffaflığın olmaması da burada mühüm rol oynayır:
“Dövlət satınalmalarında rəqabətin məhdudluğu, müqavilələrin bağlanmasında qeyri-rəsmi razılaşmalar və hesabatların süni şəkildə düzəldilməsi uyğunsuzluqların gizlədilməsinə şərait yaradır”.
Üçüncü amil isə həmsöhbətimizə görə, daxili nəzarət mexanizmlərinin zəifliyi məsələsidir: “Maliyyə idarəetmə sistemləri çox zaman köhnəlmiş metodlarla işləyir, mühasibat uçotunda standartlaşma yoxdur və daxili audit funksiyaları faktiki olaraq nominaldır.
A.Nəsirlinin sözlərinə görə, Hesablama Palatasının bütün büdcəyə tam girişi mümkün olsaydı, bu rəqəmlər daha böyük olacaqdı:
“Hesablama Palatasının tam yoxlama apara bilməməsi, yəni yalnız seçmə yoxlama imkanının olması aşkarlanan 299,1 milyon manatın faktiki uyğunsuzluğun yalnız görünən hissəsidir. Bütün büdcəyə tam giriş olsaydı, rəqəm dəfələrlə böyük ola bilərdi”.
İqtisadçının qənaətincə, burada cavabdehsizlik mühiti də öz sözünü deyir:
“Aşkarlanan pozuntulara görə məsuliyyət nadir hallarda tətbiq edilir, bu isə eyni sxemlərin illər üzrə təkrarlanmasına zəmin yaradır”.
Müsahibimiz Hesablama Palatasının tam müstəqil olmadığını da iddiaa edir:
“İnstitusional asılılıq məsələsi var. Hesablama Palatası kifayət qədər müstəqil deyil. Ona görə də, hətta aşkarlanan pozuntular belə tam ictimaiyyətə çatdırılmır və ya yumşaldılmış formada təqdim edilir”.
Rüfət Sultan, BakuPost