Dünyanın müxtəlif ölkələrində yaşayan türklər bu gün 100 illik yubileyi qeyd olunan ümummilli lider Heydər Əliyevi böyük iftixarla yad edirlər. Özbəkistanın və Azərbaycanın xalq artisti Nəsibə Abdullayeva tanınmış jurnalist Aida Eyvazlı ilə söhbətində Heydər Əliyevlə bağlı bir sıra maraqlı xatirələrini bölüşüb.
Nəsibə Abdullayeva Heydər Əliyevlə Özbəkistanda keçirilən türkdilli dövlətlərin prezidentlərinin görüşü zamanı qarşılaşdığını deyib:
"Prezidentlərin görüşlərinin birində qonaqların şərəfinə verilən konsertdə mən də çıxış edirdim. Həmin konsertdə özbək və Azərbaycan mahnılarını ifa etdim. Qonaqların şərəfinə verilən konsertdən sonra Türkdilli ölkələrin prezidentləri bizimlə ayrıca görüşdülər. Hətta məni prezidentlərin oturduğu otağa dəvət etdilər. Prezidentlərdən biri rəhmətlik İslam Kərimova dedi ki, Nəsibə xanımı göndərin, bizim də ölkəmizdə konsert versin. Özbəkistan prezidenti İslam Kərimov isə ata mehri ilə mənim çiynimdən tutaraq belə cavab verdi: "Nəsibə xanım banderol deyil ki, onu göndərim, dəvət edərsiniz, baxarıq...""
Müğənni daha sonra həmin görüşdə rəhmətlik Heydər Əliyevin onunla Azərbaycan dilində danışdığını xatırladıb:
"Prezident İslam Kərimov yenə də zarafatla dedi: “Həəə... öz dilinizdə danışın, ancaq Nəsibə bizim qızımızdır”. Heydər Əliyev cənabları isə cavabında dedi ki, o həm sizin, həm də bizim qızımızıdır. Həm özbək, həm də Azərbaycan millətinin sevimli qızıdır. Bu görüşdə o, mənim Bakıdakı qohumlarımla, ailə vəziyyətimlə maraqlandı, mahnılarımı sevdiyini söylədi.
Onun üzündə xoş bir səmimilik, böyüklük hiss etdim. Elə bil ki, hər zaman yanımda görmüşdüm. O qədər mehriban və xoş rəftarla söhbət etdi ki, həmin gündən Heydər Əliyev mənim yaddaşıma dünyanın ən gözəl insanı kimi yazıldı".
Nəsibə Abdullayeva qeyd edib ki, Daşkənddə keçirilən görüşlərin ikinci günü isə Azərbaycan səfirliyində baş tutub:
"Heydər Əliyev adəti üzrə burada yaşayan diaspor üzvləri ilə də görüşürdü. Bu görüşdə Azərbaycanın xalq artısti, rəhmətlik Firəngiz Əhmədova və onun həyat yoldaşı, hazırda Opera və Balet Teatrının baş rejissoru işləyən Özbəkistanın xalq artisti Firudin Səfərov da iştirak edirdi. Onlar Heydər Əliyevə dedilər ki, biz istəyərdik, bundan sonra gəlib Azərbaycanda yaşayaq. Bu xahişin cavabında isə Heydər Əliyev gülə-gülə "Sizin hər biriniz bizim sevimlimizsiniz, biz də sizləri çox sevirik. Azərbaycanda azərbaycanlı çoxdur, mən istəyirəm ki, dünyada azərbaycanlı çox olsun! Ona görə də qardaş ölkədə işləyin ki, bizi daha yaxşı tanısınlar!" dedi".
Müğənni qeyd edib ki, o gündən Heydər Əliyevin bu müdrik sözlərini unutmayıb:
"Bu böyük insan mənim xatirəmdə fırtına kimi, geniş ürək sahibi, çox dərin daxili mədəniyyətə malik insan, yüksək bir intelligent kimi qalıb. Allah ona rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun".
Zaur
BakuPost