“İcra başçılarının maaşları inzibati-ərazi vahidləri üzrə belədir: Bakı şəhərinin icra başçısı – 7650 manat, Gəncə, Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat, əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat (Abşeron, Masallı, Şəmkir və s.), əhalisi 50-100 min arası olan rayonlar – 4225 manat (Ucar, Lerik, Beyləqan və s.), əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat (Xızı, Sədərək, Daşkəsən və s.)
Bu məbləğdən 14% gəlir vergisi, 3% DSMF, 2% tibbi sığorta, 0,5% işsizlik sığortası, bir də YAP-a üzvlük haqqı tutulur”.
Bakupost.az xəbər verir ki, bunu iqtisadçı, PEAL Partiyasının sədri Natiq Cəfərli bildirib.
O qeyd edib ki, maaşlar 1 mart 2022-ci ildən sonra artıb və əsas maaşa 1,5 misli əlavə verilir:
“Yeri gəlmişkən, bu maaşlar 1 mart 2022-ci ildən sonra artıb, həmin tarixdən icra başçılarının əsas maaşına, 1,5 misli əlavə verilir. Yəni, məsələn, 2022-ci ilə qədər Bakı şəhəri İcra Başçısının maaşı cəmi 3060 manat idi.
Məmləkətdə ərazi və əhalisi böyük olmayan Xızı rayonu var, 2012-ci ildən həmin rayonun icra başçısı eyni insandır. Bu məmur 2012-ci ildən 2022-ci ilə qədər ayda, bütün vergiləri çıxandan sonra 1700 manata yaxın maaş alırmış, indi bütün ödənişləri çıxandan sonra 3000 manat civarında maaş alır. Sizcə bu məmur 10 il 1700 manat, son 3 ildə isə 3000 manat maaşa necə dolanıb, yaşadığı ev, sürdüyü maşın bu gəlirə uyğundurmu?!”.
Natiq Cəfərli vurğulayıb ki, söhbət yalnız Xızı rayonundan getmir, eyni yanaşmanı digər rayon icra başçıları üçün də söyləmək mümkündür:
“Azərbaycanda icra başçıları instutu köhnəlib, problem tək şəxslərdə deyil, bu sistemin özü işlək deyil. İnsanları deyil də, sistemin özünü dəyişməyin vaxtı çatıb. Yerli özünüidarə institutları güclənməli, seçilmiş rayon-şəhər Bələdiyyə sədrlərinin səlahiyyəti, ən başlıcası isə, məsuliyyəti artırılmalıdır ki, vətəndaşa xidmət etməyi öyrənsinlər, mərkəzdən gələn qeyri-qanuni tapşırıqları deyil də, seçicinin gözləntilərini yerinə yetirsinlər...”
Lalə, BakuPost